1957-ci ildə Sovet rəhbəri Nikita Xruşşov məşhur bir şüar irəli sürdü: "Amerikaya çatmaq və onu ötüb keçmək!"
Bu şüarın həyata keçirilməsi üçün partiya rəhbərliyi tərəfindən yerlərdə ciddi müzakirələr və iclaslar keçirilirdi. Növbəti belə iclas bizim kənddə təşkil olunur . Raykom katibi kürsüdən alovlu bir çıxış edərək deyir ki, Yoldaşlar , biz bir il ərzində Amerikaya çatmalıyıq və mütləq "150 sürəti ilə" onları ötüb keçməliyik!
Həmin dövrdəki iqtisadi vəziyyət də təxminən bu günümüzə yaxın idi: Sovet İttifaqında adambaşına illik ət istehlakı cəmi 33 kq, Amerikada isə 102 kq təşkil edirdi.
Dədəmin çox baməzə, hazırcavab bir əmisi olub – Əliyar kişi. Katibin alovlu çıxışını dinləyən Əliyar kişi yerindən durub deyir:
– Yoldaş katib, mən xahiş edirəm ki, biz Amerikaya çataq, amma onu qətiyyən ötüb keçməyək.
Katib duruxur:
– Niyə keçməyək, Əliyar kişi? İstəmirsən onlardan qabağa düşək?
Əliyar kişi şalvarının arxasındakı yamağı katibə göstərib cavab verir:
– Bax, bu yamaqdan burada oturan əksər kişilərin şalvarında var. Mən elə sizin xeyrinizi istədiyim üçün deyirəm ki, çataq, amma ötməyək. Ötüb keçsək, şalvarımızdakı bu yamaqlar görsənsə bərk biabırcılıq olacaq, yoldaş katib!
İndi zarafat bir yana, adambaşına düşən ÜDM və bir çox digər mühüm iqtisadi göstəricilərə görə Amerikanı demirəm, yaxın qonşularımız Gürcüstan və Ermənistandan, eləcə də Mərkəzi Asiyadakı qardaş respublikalardan cox geri qalırıq .Ötüb keçmək iddiamız olmasa da, mütləq onlara çatmağımız lazımdır. Görəsən, hökumətimiz bu barədə nə düşünür?
Müəllif: Şahin Nəcəfov - "DİA-AZ"








