Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi teleqram kanalında növbəti səs-küylü və kəskin bəyanatla çıxış edərək Rusiya daxilindəki strateji hədəflərə endirilən son dron zərbələrinin təfərrüatlarını açıqlayıb.
Musavat.com xəbər verir ki, Ukrayna lideri bu müharibənin artıq başa çatmalı olduğunu vurğulayaraq Rusiya rəhbərliyinin hələ də döyüşmək israrında olduğunu diqqətə çatdırıb.
Zelenski bəyan edib ki, məhz Rusiyanın bu təcavüzkar siyasətinə cavab olaraq Ukraynanın hərbi və iqtisadi "sanksiyaları" real döyüş meydanında öz sözünü deməkdədir. Ötən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Sankt-Peterburq regionuna qədər təxminən 1000 kilometr məsafə qət etdiyini bildirən dövlət başçısı, düşmənin Hərbi Dəniz Qüvvələrinin arsenalının və Kronştadtdakı hərbi bazasının uğurla vurulduğunu rəsmən təsdiqləyib. Bununla yanaşı, Ukraynanın uzaqmənzilli zərbə vasitələrinin Krasnodar diyarına qədər 500 kilometrlik məsafəni yararaq oradakı mühüm neft bazasını da darmadağın etdiyi qeyd olunub.
Bu səs-küylü əməliyyatların Ukrayna Silahlı Qüvvələri, Təhlükəsizlik Xidməti (SBU) və Baş Kəşfiyyat İdarəsinin (GUR) birgə peşəkar işinin mühüm nəticəsi olduğunu deyən Zelenski, "Rusiya bu müharibəni bitirməli və dinc insanların həyatına zərbə vurmağı dayandırmalıdır. Ukraynaya qarşı yönələn hər bir ədalətsizlik layiqli və ədalətli cavabını alacaq", – deyə bəyanatını yekunlaşdırıb və ukraynalı döyüşçülərə göstərdikləri dəqiqliyə görə təşəkkür edib.








