“Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqına (Aİ) üzvlük bir araya sığmır, bunu çox yaxşı başa düşürük”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“AİB-də qalmaqla Aİ üzvü olmağımız mümkün deyil. Aİ ilə yaxınlaşmanı davam etdirəcəyik. Burada yeni bir şey yoxdur”, - nazir əlavə edib.
Mirzoyan mayın 5-də İrəvanda keçirilən ilk Ermənistan-Aİ sammitinin nəticələrini effektiv kimi qiymətləndirib.
“Ermənistanın yanaşmaları həm Aİ-yə, həm də üzv dövlətlərə həmişə dinamik şəkildə təqdim olunub. Bu sammit də istisna deyildi. Ermənistanın günbəgün Aİ-yə yaxınlaşdığı heç kimə sirr deyil. Bunun üçün bütün imkanlar var”.
Qeyd edək ki, son zamanlar müxtəlif Rusiya rəsmiləri Ermənistanın AİB və Aİ arasında seçim etməli olduğunu bəyan edirlər. Rusiya Prezidenti Vladimir Putin də Ermənistan hakimiyyətinə bu məsələ ilə bağlı referendum keçirmək təklifi verib. Ermənistan Baş naziri Nikol Paşinyan dəfələrlə söyləyib ki, Aİ-yə inteqrasiya və AİB-ə üzvlük bir-birinə mane olmadığı müddətcə, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxmayacaq.










