Bakıda Tap.az saytında yerləşdirilən saxta torpaq elanları vasitəsilə bir neçə nəfəri aldadaraq on minlərlə manat ələ keçirməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, istintaq materiallarında qeyd edilir ki, təqsirləndirilən şəxs Osman Ömərov (şərti) bəzi hallarda digər şəxslərlə qabaqcadan əlbir olaraq, bəzi hallarda isə təkbaşına hərəkət edərək zərərçəkənlərə Bakı və Abşeron ərazisində yerləşən torpaq sahələrinin ona məxsus olduğunu bildirib və satış vədi verib.
Məlum olub ki, təqsirləndirilən şəxs Tap.az saytında yerləşdirdiyi elanlar vasitəsilə vətəndaşları müxtəlif ünvanlara və notariat kontorlarının qarşısına çağıraraq onlardan hissə-hissə və ya birdəfəlik pul alıb. Zərərçəkmiş şəxslərə torpaq sənədlərinin hazırlanacağı, əlavə torpaq sahələrinin veriləcəyi və ya evlə birlikdə satış həyata keçiriləcəyi barədə yalan vədlər verilib.
Cinayət işi üzrə zərərçəkmişlər arasında Bakı şəhərinin Binəqədi, Sabunçu, Xəzər rayonları və Abşeron rayonu ərazisində torpaq almaq istəyən şəxslər olub. Onlardan müxtəlif məbləğlərdə - 3 min manatdan 17 min manatadək pul vəsaiti alınaraq mənimsənilib.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs ümumilikdə bir neçə epizod üzrə vətəndaşlara xeyli miqdarda maddi ziyan vurub. Pulların bir hissəsi notariat kontorlarının qarşısında nağd şəkildə, digər hissəsi isə bank kartları və ödəmə terminalları vasitəsilə əldə edilib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bəzi zərərçəkmiş şəxsləri tanımadığını, digər şəxslərlə isə tanışlıq münasibətinin olduğunu bildirib.
Bununla belə, məhkəmə Osman Ömərovun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dələduzluq və xeyli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Daha əvvəl Xətai Rayon Məhkəməsinin hökmü ilə ona verilmiş cəza hazırki cəza ilə qismən toplanılıb və Osman Ömərova qəti olaraq 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əvvəl çəkilmiş cəza müddəti nəzərə alınaraq onun üzərində qəti olaraq 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.










