Qurban bayramı yaxınlaşdıqca Azərbaycanda qurbanlıq heyvan bazarında qiymətlər yüksəlməyə başlayır.
Xüsusilə qoyun, quzu və iribuynuzlu heyvanlara tələbat artdığı üçün satıcılar qiymətləri mərhələli şəkildə qaldırırlar.
“Cebheinfo.az”-ın araşdırmasına görə, bu il də bazarda ötən illə müqayisədə bahalaşma müşahidə olunur.
Hazırda Bakıda və ətraf bazarlarda ən çox satılan qurbanlıq heyvanların qiymətləri belədir:
* Quzu – təxminən 300-450 manat
* Qoyun – 450-700 manat
* Keçi – 350-500 manat
* Dana – 1400-2500 manat
* İnək – 2500 manatdan yuxarı
Qiymətlər heyvanın çəkisinə, cinsinə, saxlanma şəraitinə və gətirildiyi bölgəyə görə dəyişir.
Satıcılar bildirirlər ki, xüsusilə iri və kök heyvanlara maraq daha çox olduğundan onların qiyməti daha sürətlə artır.Bazarda ən çox diqqət çəkən məqamlardan biri quzu və qoyun qiymətləridir.
Bir neçə il əvvəl 200-250 manata satılan qurbanlıq quzular indi 300 manatdan aşağı tapılmır. İri qoyunların qiyməti isə bəzi hallarda 700-800 manata qədər yüksəlir.
Satıcıların sözlərinə görə, əsas səbəb yem qiymətlərinin və heyvan saxlanma xərclərinin artmasıdır. İribuynuzlu heyvanlarda da ciddi qiymət fərqi var. Dana və inəklər adətən bir neçə nəfərin birgə qurban kəsməsi üçün alınır. Bu səbəbdən onların qiyməti daha yüksək olsa da, pay bölgüsündə sərfəli hesab edilir. Xüsusilə çəkisi çox olan danaların qiyməti 3 min manata yaxınlaşa bilir.
Ekspertlər qeyd edir ki, qiymət artımına təsir edən əsas amillərdən biri də bayrama yaxın günlərdə tələbatın kəskin yüksəlməsidir. İnsanlar son günlər alış etdiyi üçün bazarda süni bahalaşma yaranır. Bundan əlavə, bölgələrdən Bakıya heyvan daşınması üçün nəqliyyat xərcləri də qiymətə təsir edir.
Mütəxəssislər alıcılara qurbanlıq seçimində yalnız qiymətə deyil, heyvanın sağlamlığına və baytarlıq nəzarətindən keçib-keçməməsinə də diqqət etməyi tövsiyə edirlər.
Çünki bayram dövründə bəzi hallarda xəstə və ya normaya uyğun olmayan heyvanların satışa çıxarıldığı da müşahidə olunur.










