Qadınlarla kişilər arasındakı maaş fərqi kişilərin daha çox maaş tələb etməsi ilə bağlıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ScienceDaily” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Araşdırma göstərib ki, əmək haqqındakı gender fərqi iş elanlarının təqdim olunma formasından asılıdır. Elanlarda əmək haqqının danışıq yolu ilə müəyyən edilə biləcəyi açıq şəkildə göstərildikdə qadınlar maaş müzakirələrinə daha fəal qoşulur. Maaşın sabit göstərildiyi vakansiyalarda isə kişilər qadınlara nisbətən daha çox maaş artımı tələb edir.
Tədqiqat zamanı ABŞ-nin doqquz böyük şəhərində inzibati köməkçi vəzifələri üçün 18 onlayn iş elanı yerləşdirilib. Elanların bir hissəsində maaşın sabit olduğu, digər hissəsində isə maaşın müzakirə edilə biləcəyi qeyd olunub.
Ümumilikdə 2400-dən çox şəxsin iştirakı ilə aparılan araşdırmada iş axtaranların təxminən üçdə ikisinin qadın olduğu müəyyən edilib. Namizədlərə saatlıq 17,60 dollar maaş təklif olunub və bəzi hallarda bu məbləğin danışıqlar yolu ilə dəyişdirilə biləcəyi bildirilib.
Nəticələrə görə, maaşın sabit olduğu elanlarda kişilərin 11 faizi, qadınların isə 8 faizi maaş müzakirəsinə başlayıb. Maaşın danışıq yolu ilə müəyyən edildiyi elanlarda isə qadınların 24 faizi, kişilərin 22 faizi danışıqlara qoşulub.
Araşdırma həmçinin göstərib ki, maaşın sabit olduğu elanlara kişilər qadınlardan daha çox müraciət edir. Maaşın müzakirə edilə bildiyi elanlarda isə qadınların müraciət sayı artır.
Tədqiqat müəllifləri hesab edir ki, əmək haqqı fərqi çox vaxt işə qəbul mərhələsindən yaranır. Buna görə də iş elanlarında maaş danışıqlarının mümkün olduğunun açıq göstərilməsi gələcəkdə qadınlarla kişilər arasındakı maaş fərqinin azalmasına təsir edə bilər.










