Bakıda Dünya Şəhərsalma Forumu keçirilir.
“Təhlükəsiz, dayanıqlı və möhkəm şəhərlər” mövzusunu Bakı dünyaya xüsusi praktiki yanaşma ilə nümayiş etdirir. Şəhər qərara gəlib ki, forum iştirakçılarına təqdimatı PowerPoint-lə yox, canlı performansla göstərsin. Ona görə də səhər tezdən küçələrdə “urban water park” rejimi aktivləşdirilib.
Forum salonlarında ekspertlərin iqlim dəyişikliklərinə adaptasiyadan danışması isə bizdən başqa hamıya maraqlı görünə bilər. Çünki biz adaptasiya olmağın nə olduğunu çox yaxşı bilirik. Kimimiz maşınımızda xilasedici kəndir gəzdiririk, kimimiz də marşrut seçəndə yolun yox, suyun səviyyəsinə baxırıq
Bakıda yağış artıq təbiət hadisəsi yox, infrastrukturun illik attestasiya imtahanıdır. Şəhərimiz də bu imtahana hər dəfə böyük özgüvənlə girib, eyni nəticə ilə çıxır.
“Smart city” çıxışları fonunda insanların küçədən keçmək üçün “smart” həll yox, şişmə qayıq axtarması isə ayrıca urbanistik zövqdür. Yəqin növbəti mərhələdə şəhərsalma konsepsiyasına “Venesiya ruhlu Bakı” brendi də əlavə edilər.
Kanalizasiya sistemi də tam forum ab-havasına uyğun işləyir..
Bir tərəfdə xarici qonaqlara “möhkəm şəhər modeli” təqdim olunur, digər tərəfdə isə vətəndaş maşınına baxıb düşünür ki, bunu servisə aparsın, yoxsa limana.
Əslində Bakı çoxdan dayanıqlı şəhərdir. Bu qədər plansızlığa, imitasiya sevgisinə və kosmetik “abadlıq” həvəsinə baxmayaraq hələ də dağılmayıbsa, deməli doğrudan da möhkəmdir.
WUF13 üçün ayrıca sərgi təşkil etməyə də ehtiyac yoxdur. Sadəcə forum iştirakçılarını yağışdan sonra şəhəri gəzdirmək kifayətdir. Bakı özü artıq canlı eksponatdır.
Müəllif: Mehriban Sadıqova - "DİA-AZ"









