Savadlı insan və yaxşı politoloq kimi tanıdığım Turab Rzayev soruşur: "İTV sədrliyinə namizədi belə baxanda geniş ictimaiyyət niyə tanımalıdır axı? Əhali səs verir? 9 nəfərdən ibarət şura adından seçmirlər. Onlar tanıdı bəsdir də? Deyək ki, 200.000 adam da tanıdı? Məqsəd?"
Bu fakt onu göstərir ki, bizim hətta kifayət qədər fəal və savadlı vətəndaşlarımız da İctimai yayımın konsepsiyası, o cümlədən İctimai yayım xidmətinin idarəçiliyi ilə bağlı yetərincə məlumatlı deyillər. Odur ki, bu suala cavab vermək istəyirəm:
İctimai yayım xidmətinin baş direktorunu ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış ictimai təşkilatların birgə təmsilçilərindən ibarət Yayım Şurası seçir. İctimaiyyət isə bu təmsilçilərinin kimə və niyə səs verdiklərini qiymətləndirmək üçün namizədlərin konsepsiyaları ilə öncədən tanış olmalıdır. Daha sərrast desək, İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır. Yayım Şurasının səsverməsi bu prosesin son mərhələsidir.
Bundan əlavə, "İctimai televiziya və radio haqqında" qanunun 18.2 maddəsində deyilir: "Yayım şurasının üzvləri onların namizədliyini irəli sürmüş təşkilatların deyil, bütövlükdə cəmiyyətin maraqlarının müdafiəçisi kimi çıxış edirlər".
Bu isə o deməkdir ki, cəmiyyətin fəaliyyət konsepsiyası haqqında yetərincə məlumata malik olmadığı şəxslər arasında Yayım Şurası seçim edə bilməz.
Müəllif: Taleh Şahsuvarov - "DİA-AZ"









