271 saylı məktəbin şagirdi "kruq"a salınır, alçaldılır, sonra da bıçaqlanır… İndi bu iş Sabunçu Rayon Məhkəməsində araşdırılır. Amma adamın içini yandıran cinayətin özü deyil. Hadisədən sonra uşağın üstünə gedən, onu sosial şəbəkələrdə hədəfə çevirən, aşağılama kampaniyası aparan, söyən mühitdir. Kimsə lağ edir, kimsə də uşaqları bir-birinin üstünə qızışdırır. Məktəblərə küçə banditizmi, “razborka” psixologiyası daşınır. "Kruqa" salmaq ifadəsinin məktəb dilinə çevrilməsi özü faciədir. Ən qorxulusu bilirsiniz nədir? Uşaqların bir hissəsi zorakılığı izləyir, digər hissəsi isə bundan əyləncə düzəldir. Sabah həmin uşaqlar böyüyəndə biz hansı cəmiyyətlə qarşılaşacağıq?
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır, qorxu zonası yox. Bugün bir məktəblinin başına gələnə susanlar, sabah daha ağır xəbərlərə təəccüblənməsinlər.
Təcili bu məsələ nəzarətə götürülməli, məktəblilərdən ibarət, kriminal aləmə meyllənən kruq dağıdılmalıdır. Həmin "kruq"dakılar məktəbi bitirəndən sonra cəmiyyətdə hansı mövqedə olacaqlar?
Müəllif: Elşən Balaxanski - "DİA-AZ"









