Dünən İran səfirliyi İsrailin XİN başçısının Bakıda səsləndirdiyi açıqlamalarla bağlı bir axmaq bəyanat verib.
Səfirlik bildirib:
"Fələstin xalqının terror, işğal və müstəmləkəçi soyqırımı əsasında formalaşmış, mahiyyəti işğalçılıq, dövlət terrorizmi və aparteidlə sıx bağlı olan...bir rejimin nümayəndəsi, insan haqları və ya digər ölkələrin daxili məsələləri barədə danışmaq üçün heç bir hüquqi və mənəvi haqqa sahib deyil... Bu qeyri-qanuni və cinayətkar rejimin nümayəndəsinə Bakıda həmin rejimin cinayətlərini ört-basdır etmək, İran İslam Respublikasına qarşı əsassız iddialar və sərsəm fikirlər səsləndirmək üçün şərait yaradılmasına görə təəssüfləndiyimizi bildirməklə... İran və Azərbaycan arasındakı münasibətləri pozmaq, bölgədə gərginlik və qeyri-sabitlik yaratmaq məqsədi güdən sionist rejiminin bu növ fitnə-fəsad və müdaxiləçi hərəkətlərinə qarşı ayıq-sayıq olmağın zəruriliyini xatırladırıq".
Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etmiş Xocalı cəlladına Tehranda qucaq açıb Azərbaycana qarşı bu bəyanatları verməyə ŞƏRAİT yaradan İran hansı haqla indi bizi nədəsə ittiham edir? Ümumiyyətlə, İran səfirliyinin belə bir bəyanat verməsi beynəlxalq hüquqa, diplomatik etikaya uyğundurmu? Azərbaycanın daxili işlərinə qarışmaq həyasızlıq deyilmi?
Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, İran səfirliyinin bu cür bəyanatı hədsizlik və ədəbsizlikdir:
"Azərbaycan-İsrail münasibətləri birbaşa iki ölkənin öz məsələsidir. Üçüncü ölkə, o cümlədən İran bura burnunu soxmamalıdır. Əgər İranın İsraillə problemləri varsa, o problemlərin səbəbkarı Azərbaycan deyil. Bu, ümumiyyətlə bizə dəxli olmayan məsələdir. İran İsraillə öz münasibətlərini ayırd etmək istəyirsə, bunu öz aralarında etsinlər. İran Azərbaycanı bu işə qatmasın. Azərbaycan suveren dövlətdir, İsrail də daxil olmaqla istənilən dövlətin rəsmi şəxsləri bura səfər edə bilər. İranın xarici işlər nazirləri Bakıya səfər edəndə İsrail buna qarşı heç bir fikir, bəyanat verməyib. İran isə diplomatik qaydaları pozur".
A.Həsrət qeyd edib ki, İran səfirliyinin hərəkəti beynəlxalq hüququn da pozulmasıdır:
"İran isə hər məsələdə olduğu kimi bu məsələdə də beynəlxalq hüququ heçə sayır və Azərbaycanla İsrailin daxili işlərinə müdaxilə edir. İran getsin öz problemlərini həll etsin. Biz onu da unutmuruq ki, üç il öncə məhz bu gün Tehrandakı Azərbaycan səfirliyinə terror hücumu təşkil edilmişdi və o hücumun da arxasında İran dövlətinin dayandığı haqqında şübhələrimiz hələ ki, aradan qaldırıla bilmir. Belə bir dövlətin səfirliyinin hədsizlik etməsi öz gözündə tiri görməyib başqalarının gözündə çöp axtarmaqdan başqa bir şey deyil".









