Bakıda fəaliyyət göstərən Hədəf liseylərində rus bölməsi üzrə 1-ci siniflərə qəbul dayandırılır.
Bu barədə Hədəf liseyinin qurucu direktoru Şəmil Sadiq öz sosial şəbəkə hesabında məlumat verib.O bildirib ki, qərar yeni tədris ilindən etibarən qüvvəyə minəcək.
Şəmil Sadiqin sözlərinə görə, rus bölməsinə qəbulun dayandırılmasının iki əsas səbəbi var. Bunlar rus bölməsinə tələbatın azalması və liseyin bilingval - Azərbaycan-ingilis dilli təhsil modelinə keçidi ilə bağlıdır.
O bildirib ki, rus dili tamamilə ləğv edilmir və bundan sonra ikinci xarici dil kimi tədris olunacaq.“Biz təhsildə prioritetlərimizi yenidən müəyyənləşdiririk. Bu barədə ötən il ilkin mövqeyimizi bildirmişdik. Yeni təhsil modelimiz Azərbaycan və ingilis dilləri üzərində qurulub”,-deyə o söyləyib.
Direktor əlavə edib ki, hazırda rus bölməsində təhsil alan şagirdlər üçün heç bir dəyişiklik nəzərdə tutulmur:
“İndiki şagirdlər 2-ci sinifdən etibarən əvvəlki proqram əsasında təhsillərini davam etdirəcəklər. Qərar yalnız yeni qəbul olunacaq 1-ci sinif şagirdlərinə şamil olunur”.
Bundan əlavə, iclasda daha bir yenilik də açıqlanıb. Belə ki, yeni tədris ilindən etibarən 2-9-cu siniflərdə ingilis və rus bölmələrində təhsil alan şagirdlər Azərbaycan bölməsi üçün nəzərdə tutulan Azərbaycan dili dərsliklərindən istifadə edəcəklər. Bununla da bütün bölmələrdə Azərbaycan dili həftəlik 5-9 saat həcmində tədris olunacaq.
Bəs digər özəl məktəblərdə vəziyyət necədir?
Məsələ ilə bağlı “Cebheinfo.az” Bakıda fəaliyyət göstərən bir sıra özəl orta məktəblərlə əlaqə saxlayıb.
Kaspi liseyindən bildirilib ki, hazırda qəbul prosesi əvvəlki qaydada davam edir. Qeyd olunub ki, növbəti tədris ili üçün qiymətlər hələ müəyyənləşdirilməyib və bu barədə rəsmi elan verilməyib. Amma rus dili bölməsi üzrə qəbulun davam edəcəyi bildirilib.
Bakı İstanbul liseyindən verilən məlumata görə, qəbulun dayandırılması nəzərdə tutulmur. Hazırda yeni tədris ili ilə bağlı nə şərtlər, nə də qiymətlər müəyyən edilib.
Bu məsələlərin mart ayında keçiriləcək iclasda müzakirə olunacağı, aprel ayında isə ilkin qeydiyyatla bağlı elan veriləcəyi qeyd edilib.
Zirvə liseyindən bildirilib ki, hazırda bununla bağlı hər hansı bir məlumat yoxdur. Qəbul prosesi davam edir. Yeni tədris ili ilə bağlı planların nədən ibarət olacaöı hələlik bəlli deyil.
Bakı Beynəlxalq Təhsil Kompleksindən isə qeyd olunub ki, bu barədə hələ hər hansı məlumat mövcud deyil.
İdrak liseyindən bildirilib ki, bu barədə onlara məlumat verilməyib.
Müasir İnnovasiyalar liseyindən verilən məlumata görə, rus bölməsi fəaliyyət göstərir və rəhbərlik tərəfindən bu bölməyə qəbulun dayandırılması ilə bağlı hər hansı qərar verilməyib. Yəni hazırda heç bir dəyişiklik nəzərdə tutulmur.











