
Bu yaxınlarda 6-cı dəfə əməliyyat olunan Qarabağ qazisi Rüxsarə Cumayevanın sevinci çox çəkməyib. Daha çox Tutu ləqəbi ilə tanınan R.Cumayeva sürünərək yeriməkdən qurtulacağını, illər sonra yenidən ayağa qalxacağını ümid etdiyi bir vaxtda müvazinatını itirərək yıxılıb. Nəticədə dəfələrlə əməliyyat edilən sol ayağı protezindən ayrılaraq ciddi fəsadlara səbəb olub.
Müharibənin ilk dönəmindəcə könüllü olaraq ön cəhbəyə yollanan, döyüşlərdə yüzlərlə yaralı əsgərimizin həyatını xilas edən Qarabağ qazisinin yenidən həyati təhlükə ilə üz-üzə qaldığını eşidincə evinə yollandıq.
Dəmiryol vağzalinin arxasında yerləşən, cəmi 17 kvadradmetrlik ərazini əhatə edən mənzilinin astanasında bizi qonşuları qarşıladı. Gəlişimizə çox sevinən Tutu xanım bizimlə söhbətdə çətinliklə də olsa simasında təbəssüm yaratmağa çalışırdı. Lakin fiziki və mənəvi ağrıların əzabına dözməyərək, əlləri ilə üzünü turaraq hönkürdü:
“Axı nə qədər olar? 6 dəfə əməliiyat olunub bıçaq altına girmişəm. Əməliyyatların 5-i tamamilə uğursuz olub. Əməliyyatlar üçün həmişə dilənçi kimi pul dilənib insanları bezdirməkdən, bu vəziyyətdə yaşamaqdan, bir stəkan su üçün belə başqasına möhtac olmaqdan bezmişəm. Əvvəllər qızım üçün dayanmağa çalışırdımsa daha bu əzablara dözərək yaşaya bilmirəm. Özümə yalnız ölüm arzulayıram...”
Onun bu halını görən qonşular hərəsi bir tərəfdən təsəlli verməyə başladı. Tutu xanım bir qədər sakitləşdikdən sonra vəziyyəti barədə danışmağa başladı:
“Sol ayağım sonuncu dəfə 2013-cü ildə Türkiyənin Ankara şəhərində yerləşən xəstəxanada əməliyyat olunmuşdu. Həmin zaman həkimlər mənə bildirmişdilər ki, əməliyyat uğursuz keçib. Bu ilin may ayında isə sağ ayağımdan əməliyyat edildim. Şükür bu əməliyyatdan çox razıyam. Ümid edirdim ki, illər sonra yenidən ayağa qalxa biləcək, sürünməkdən qurtulacaq, axır ki, qızıma dəstək ola biləcəm. Lakin sevincim uzun çəkmədi. Bu günlərdə bir stəkan su üçün ayağa qalxmağa çalışırdım ki, huşumu itirərək yıxıldım. Nəticədə sol ayağımdakı protez qırıldı və ayağımda fəsadlar yaratdı. Ağrılarim dözülməzdir...”
Söhbətin bu yerində qazi xanım yenidən hönkürərək ağlayır. Onun ürək parçalayan haraylı sözləri həm bizi , həm də qonşularını sarsıdır:
“Nədənsə dövlət mənə dəstək olmaq istəmir. Ayda cəmi 50 manat əlilliyim üçün təzminat alıram. Bu pulla nəinki əməliyyat olunmaq heç yaşamaq da olmur. Uzun illərdir ki, qızımla qonşuların, yaxınlarımın ümidinə qalmışıq.
Hər iki ayağım dəfələrlə əməliyyat edilib, yalnız sürünərək harasa gedə bilirəm. 1-ci qrup əllilik almaq üçün sənədlərimi təqdim etdim, məndən buna görə pul istədilər. Məmurları mənim vəziyyətim deyil, yalnız pul maraqlandırır. Onlar anlamaq istəmirlər ki, mən vətən yolunda bu vəziyyətə düşümüşəm, üstəlik köməksiz bir qadın, övladına heç bir zaman dəstək ola bilməyən çarəsiz anayam”.
Qazi xanım bildirdi ki, həkimlər ona vəziyyətinin ağır olduğunu, təcili əməliyyata ehtiyac olduğunu deyiblər:
“Zəng edib həkimə vəziyyəti anlatmışam. Mənə bildirdi ki, əməliyyat üçün 20 min manat pul lazımdır. Mən bu qədər pulu indi hardan tapım? Yenə də dilənçilik edib pul yığım? İnsanların üzünə baxmağa utanıram artıq...
Mən gənclik illərimi meydan hərəkatlarına, ölkəmizin müstəqilli uğrundakı mübarizəyə, Qarabağ uğrunda gedən döyüşlərə həsr etdim, sağlamlığımı bu yolda qoydum. Lakin nədənsə dövlət mənə sahib çıxmaq istəmir. Heç vaxt dövlətdən nə ev, nə maşın, nə də başqa istəyim olub. Mən bu kiçik mənzilimdə qürurla yaşamağa üstünlük vermişəm. Dövlətdən yalnız bir istəyim var- doğru-dürüst əməliyyat olunmaq, axır ki, ayağa qalxıb, heç kimə möhtac olmamaq, işləyib 14 yaşlı qızıma dəstək olmaq istəyirəm.
Bu barədə ölkə rəhbərliyinə də müraciət etmişəm. Mən yanlız yerimək, yerimək istəyirəm, başqa istəyim yoxdur. Xahiş edirəm, mənə yardım edilsin...”
Xatırladaq ki, Rüxsarə Cumayeva Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. O, uşaqlıq yaşında olanda sol omba nahiyəsindən travma alıb. Bakı Dövlət Universitetinin tələbəsi olan Qarabağ müharibəsi veteranı torpaq uğrunda qızğın savaş getdiyi üçün təhsilini yarımçıq qoyur. O, anadangəlmə şikəst olmasına baxmayaraq (hər iki bud çanaq oynağının anadangəlmə yüksək çıxıqları və artrozları və ya omba nahiyəsində anadangəlmə travma), könüllü şəkildə Zaqatala hərbi komissarlığından birbaşa döyüşə yollanıb.
Hələ universitetdə oxuyarkən ali məktəbin nəzdində fəaliyyət göstərən kursda tibbi-praktik biliklərə yiyələnib. Onun tibbi savadı məhz Qarabağ savaşında hərbi tibb bacısı işləməsinə imkan yaradıb. Döyüş anında sağ əlindən və sol ayağından qəlpə yarası alan xanım qazimiz buna baxmayaraq hərbidən uzaqlaşmayıb. O, 1994-cü ilin fevral ayına qədər cəbhədə tibb bacısı kimi xidmət edərək yüzlərlə yaralı əsgər və zabitlərimizə vaxtında tibbi yardım göstərərək onların yenidən həyata qayıtmasında mühüm rol oynayıb.
Tutu xanım (R.Cumayeva) 5 dəfə sol, 1 dəfə isə sağ ayağından əməliyyat edilib. Lakin özünün də dediyi kimi sol ayağında aparılan əməliyyatlar maddi imkansızlıq ucbatından çox uğursuz olub.
Qarabağ qazisinə yardım etmək istəyənlər aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Mobil: 050 395 67 80
Ev: (012) 449 40 26









