Xalq artisti, diktor, bədii qiraətçi Eldost Bayramın APA-ya müsahibəsi
– Sizlə zəngləşəndə çox vaxt “şeir əzbərləyirəm” deyirsiniz, deyəsən, bu, vərdişə çevrilib...
–Bilirsən necədir, hərənin bir fəaliyyət sahəsi var. Cavan vaxtı – 70-ci illərin axırlarında iki il filarmoniyada konsert apardım. İşimə aidiyyəti olmadan tədbir aparmağa getmişdim, mənə dedilər, aparıcı yoxdur, gəl. Bu konsertin bir yaxşı cəhəti o oldu ki, bəstəkarları tanıdım, oxuyanları tanıdım... Şeiri o qədər sevmirdim, nəsri sevirdim. Gözümü açandan nəsr oxumuşam. Amma tale elə gətirdi ki, şeir qismətimə düşdü. İndi mənə etalon kimi baxırlar, qətiyyən elə deyil. Hamı deyir yaxşı şeir oxuyanlar var, amma Eldost Bayram kimi oxuyan yoxdur şeiri. Deyirəm, mən neynirəm ki? Deyirlər, yox, siz başqa cür oxuyursunuz. Bir şeylə məşğul olanda, gərək, ürəklə məşğul olasan.
Çox arzuları yarımçıq qoydum
– Deməli, 70-ci illərə qədər şeir qiraət etmirdiniz?
–Yox, sevmirdim şeiri. İndi də nəsri çox sevirəm. Mənim üçün tamam başqadır. Necə deyim... İndi nəsr oxumurlar, camaatda səbir yoxdur axı. Sonradan birinci Rəsul Rzanın "Mən torpağam" şeirini öyrəndim. Bir dəfə dedim, gördüm yox, getmədi, reaksiya olmadı. Famil Mehdinin şeirini öyrəndim: "Gözəl olmayan qız varmı görəsən..." Bax belə başladım silsilə şeirlər öyrənməyə.
– Qəzələ daha az müraciət etmisiniz...
– Qəzələ o qədər meylim yoxdur, çünki qəzəl barədə təsəvvürüm azdır. Mən Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini qurtarmışam, incəsənət üzrə oxumamışam. Qəzəlin də bəhrləri var axı, mən onu bilmirəm.
– Məncə tarix müəllimi üçün şeir əzbərləmək çətin olmaz.
–Mən həmişə yaddaşsızlıqdan çətinlik çəkmişəm. Həm də tənbələm.
Azərbaycanda təsəvvür eləmirəm ki, mənim qədər öz seçdiyi peşədən yarıyan və öz peşəsinin qulu olan, ömrünün axırına qədər onu sevən və onunla xoşbəxt olan insan olsun
– Bəs Eldost Bayramı tarix müəllimliyindən diktorluğa, qiraət sənətinə gətirən nə oldu?
–Ümumiyyətlə, xaraktercə xəyalpərəst olmuşam. Təsəvvür elə, xəyallarla yaşamışam. Sonradan radionun səsi çatıb qulağıma. Ağadadaş Qurbanovun, Həsənağa Salayevin, Əli Zeynalovun, Ələsgər Ələkbərovun, Hökümə Qurbanovanın, Səməndər Rzayevin səsi sənətə maraq oyadan səslərdir. 6-7 yaşım olardı, kəndə radio gəldi. Aydın Qaradağlının səsini eşitdim. Aydının səsi dəhşət idi. Həmin vaxt dedim ki, mən diktor olacağam. Və bəlkə də respublikada tək-tük adamlardanam ki, arzumun dalınca getdim. Çox planları yarımçıq qoydum. Biri evləndirmək istəyirdi filankəslə, biri orda saxlamaq istəyirdi. Amma mən arzumun ardınca getdim. Azərbaycanda təsəvvür eləmirəm ki, mənim qədər öz seçdiyi peşədən yarıyan və öz peşəsinin qulu olan, ömrünün axırına qədər onu sevən və onunla xoşbəxt olan insan olsun.
– Deməli, artıq tarix müəllimliyi ixstisasını seçəndə diktor olmaq arzunuz var idi. Bəs niyə seçiminiz bu oldu?
– Diktorluğa orta ixtisasla götürmürdülər. Ancaq ali təhsilin olmalı idi.
– Sonradan incəsənət sahəsində təhsil aldınız?
–Kinostudiyada kursa getmişəm. Rəhmətlik Adil İsgəndərov 2-3 həftədən bir bizi kabinetinə çağırırdı, çox maraqlı söhbətlər edərdi.
Televiziyaya gəlməyimə iki dəfə rus dili bilməməyim maneə olub
– Tarix təhsili sonra məşğul olduğunuz sahədə köməyinizə çatırdı?
–Əlbəttə... Mən Kürdəmirdə, pambığın içində böyümüşəm. Pambıq yığan idim. 1966-cı il oktyabrın 6-sı idi, institutu bağladılar, tələbələri İmişliyə pambıq yığmağa göndərdilər. Saat 12-də çıxdıq sahəyə. Pambıq deyir "gəl e, qurban olum gəl məni yığ". 4 saata 80 kilo yığdım. Sonra aldığım pulla idman forması, ayaqqabı aldım. Gələndən sonra gördüm ki, tələbələr arasında ən çox pambığı mən yığmışam. Ona görə xeyli hörmət qazandım. Uşaqlar dedilər, Eldost, rus qrupundan qızlar sənin pambıq yığmağına baxmaq istəyirlər. Dedim məmnuniyyətlə, gəlsinlər, bir şərtlə ki, sonra mənə rus dilini öyrətsinlər. Üç il mən onlarla bir yerdə oldum, danışdıq. O danışıqdan mən çox şeylər öyrəndim. Amma rus dilində ləhcə ilə danışırdım... Televiziyaya gəlməyimə iki dəfə rus dili bilməməyim maneə olub.
– Azərbaycan radiosuna necə gəldiniz?
– Radioya gəlişim... İlk Ramiz Mustafayevin yanına getmişəm. Onun mənə diktorluğu öyrətdiyi qədər heç kim öyrətməyib. Amma mən özüm də çalışmışam, hamısından öyrənmişəm. Ramiz müəllimin qəbuluna gedəndə otağa girməyə qoymadı. Elə qapının ağzında mənə müxtəlif suallar verdi, sonra dedi ki, gedək indi bunları mikrofonda da danış baxaq. Onda başa düşdüm ki, bu adam mənim cavablarıma, sözlərimi necə seçdiyimə, təxəyyülümə fikir verirmiş. Bəxtim onda gətirdi ki, Südabə Manaflı analıq məzuniyyətinə getmişdi. Onun əvəzinə işləməyə başladım. Südabə xanım qayıdandan sonra isə mənim üçün ştat açıldı. Həmin vaxt orada 22-23 diktor var idi, hər birinin səsi fərqli idi.
– Bu günlə müqayisədə hansı dəyişiklikləri müşahidə edirsiniz?
– O vaxt hər adamı efirə buraxmırdılar. Yaxşı insan olmaq başqa məsələdir, yaxşı diktor olmaq başqa. Diktorun nitq qabiliyyəti olmalı idi, dili səlis, danışığı aydın olmalı idi. Bunlar olmadan televiziyada xəbər oxumaq çətin olurdu. Radioda isə nəfəsimiz kəsilirdi: xəbər oxuyurduq, elan verirdik, ora-bura qaçırdıq.
Bir nəfər istisna olmaqla, mənə təzyiq edən yox idi, onun adını çəkmək istəmirəm
– O qədər qiymətli səslərin içinə düşmüşdünüz, sizi sıxışdırmırdılar ki?
– Bir nəfər istisna olmaqla, mənə təzyiq edən yox idi. Onun adını çəkmək istəmirəm. Mən heç vaxt “belə edəcəm”, “elə edəcəm” deməmişəm. Amma bir dəfə Mövlud Süleymanlı mənim haqqımda bir söz dedi. Dəqiq yadımda deyil, 65, yoxsa 60 yaşı tamam olurdu. Mərasimdə Mövlud müəllimə söz verildi. Həmin vaxtlarda da biz onunla danışmırdıq, burada mənim də günahım var idi. Amma ondan gözləmədiyim sözlər eşitdim, gözləmədiyim münasibət gördüm. Buna görə inciklik yaranmışdı. Nə isə Mövlud müəllim çıxışında dedi ki, Eldost Bayram hamıdan fərqlidir. Həmişə də fərqli olub. Heç birimizin qapısını döyüb nə isə xahiş etməyib. Biz onun qiymətini bu gün tam verə bilmərik. O insanın dəyərini gələcəkdə daha yaxşı anlayacaqlar.
Bilirsən, bu yaşda insan anlayır ki, diqqət və sevgi çox önəmlidir.
– Diqqət və sevgidən əlavə, dolanışıq üçün yaxşı maddiyyat da lazımdır.
– Mənim üçün əsas məsələ heç vaxt maaş olmayıb. Həyatda çox çətinlik görmüşəm. Atam da zəhmətlə çalışıb. O vaxt maaşlar 60-65 manat civarında idi. Biz buna öyrəşmişdik. Həyat belə keçib. Mən radioya gələndə bir şeyi düşünürdüm: bu işin içində olmaq. Özəl televiziyalar açılandan sonra oğlum dedi ki, sən niyə ora getmirsən? Oğluma dedim ki, mən dövlət radiosunda işləmişəm, yəni mənim üçün əsas maaş deyil. Amma ömür boyu bu işin çətinliyini yaşamışıq. Bizim məzuniyyətimiz çox olurdu. Çünki teleqüllənin (Bakı Televiziya Qülləsi – red.) yanında işləyirdik. Deyirdilər, zərərli mühitdir, insan sağlamlığına təsiri var. Ona görə də bizə 51 günlük məzuniyyət verilirdi. Əlbəttə, 51 gün istirahət etmək yaxşıdır. Amma sonra geri qayıdanda həmin boşluğu doldurmaq lazım idi. Yaxın qohumlarımdan birindən gedib borc alırdım, sonra maaşımdan yavaş-yavaş qaytarırdım. Beləcə vəziyyətdən çıxırdım. Əsas, mənə toxunmasınlar, mikrofonu əlimdən almasınlar. Mən həyatımı onunla yaşamışam. Mikrofon mənim üçün sadəcə iş aləti deyildi.
– Bir vaxtlar toyları masabəyi kimi idarə etmisiniz. Bu da maddi sıxıntılardan irəli gəlirdi?
– Bəli. Uzun müddət utanırdım. Təxminən, on il bu işə tərəddüdlə yanaşdım. 1988-ci ildə gəlib məni qolumdan tutub apardılar. Bir musiqiçi də yanımda dedi ki, sənətkar xalqa lazımdır. Gəlsin, çıxış etsin, ədəbiyyatı təbliğ etsin. Deyirdilər, insanlara belə söz, belə səs lazımdır. Sonra mən də bu işə başladım. Maddi ehtiyaclarımı da bu yolla ödədim, borclarımı bağladım. Beləcə bir qədər rahatladım. Amma mənim üçün əsas məsələ heç vaxt maddiyyat olmayıb. Mənə maraqlı olan insanın oğlunun, qızının necə böyüməsi, necə insan olmasıdır. Mən başqa duyğularla – mənəviyyatla yaşayıram. Mənə hörmət edən tamaşaçılar var. Onların hər birinin qarşısında baş əyir, minnətdarlığımı bildirirəm. Çünki insan üçün ən böyük xoşbəxtlik dəyər görməkdir. İnsan öz qiymətini hiss edəndə xoşbəxt olur.
Özəl televiziyalarda məndən başqa şey tələb edəcəkdilər, mən isə qocalıram, televiziya cavanlıq tələb edir
– Bəs özəl telekanallarda niyə işləmək istəmədiniz?
– 1965-ci ildən Bakıdayam. Uzun illər kirayələrdə yaşamışam. Dörd-beş ilə yaxın yataqxanada qalmışam. Çox çətinliklər görmüşəm. Başqasının evində qalmaq asan deyil. Mənim də öz evim olmadı uzun müddət. Nəhayət, şərait yarandı və dövlət mənə ev verdi. Buna görə minnətdaram. Açıq deyirəm, əgər dövlət dəstəyi olmasaydı, mən öz gücümlə həmin evi ala bilməzdim. Razıyam, narazılığım yoxdur. Amma həyat insanı bəzən başqa seçimlərə də məcbur edir. Məclislərə, toylara getməyə məcbur olduq. Mən buna pis baxmıram. Halal zəhmətlə qazanılan çörəkdir. Heç kimin cibinə baxmadan, heç kimdən nə isə ummadan yaşamışam. Ev saxlamaq, ailə dolandırmaq asan olmayıb. Çox əziyyət çəkmişəm. Bəzən öz-özümə deyirdim ki, sənin burada nə işin var? Amma ailəni dolandırmaq lazım idi. İnsan həyatda bəzən məcbur qalır. Məncə, toy aparmaq ayıb deyil. Əsas məsələ orada necə davranmaqdır. Mənim üçün əsas olan sözə rəng vermək, mətnə duyğu qatmaq, insanlara hörmətlə yanaşmaqdır. Sənətdə bildiyim və sevdiyim əsas şey də budur. Özəl televiziyalarda isə məndən başqa şey tələb edəcəkdilər. Mən isə qocalıram, televiziya cavanlıq tələb edir.
– Maraqlıdır, pedaqoji fəaliyyətlə niyə məşğul olmadınız?
– Heç vaxt dəvət etməyiblər. Amma gənclərə əlimdən gələn köməkliyi göstərmişəm. Son vaxtlar Azərbaycan dilində düzgün işlənməyən sözlərlə bağlı yüzə yaxın nümunə hazırlamışdım. Məsələn, deyirdim ki, “lahiyə” yox, “layihə”dir. “Mağaza” sözünün düzgün tələffüzünü göstərirdim. Soyadların, sözlərin düzgün deyilişinə diqqət çəkirdim. Bunları paylaşırdım, insanlar da maraq göstərirdi. Bunların “YouTube”da paylaşılmağını xahiş etmişəm ki, insanlar faydalansın. İstəyənlərə göndərmişəm. Çünki mənim borcumdur, əgər səhv eşidirəmsə, deməliyəm. Kimsə “lahiyə” deyirsə, düzünü göstərməliyəm. Universitetə dəvət etməyiblər, amma “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında 3 il dərs dedim.
– AzTV-də neçə rəhbər görmüsünüz?
– Təxminən, doqquz.
– Doqquz sədrdən hansı ilə münasibətiniz daha yaxşı olub?
– Demək olar, hamısı ilə.
– Ovaxtkı AzTV ilə indiki AzTV-nin fərqi nədir?
– Zəmanə, tələblər, kriteriyalar, dəyərlər də tamamilə başqadır. Məsələn, məni o vaxt ələkdən keçirib seçiblər. Amma indi elə seçmirlər. İndi tamam başqa cürdür. Düzdür, Azərbaycan Radiosu, Azərbaycan Televiziyası ənənə üzərində qurulub. O ənənə ki, uzun illər istər dilə, istərsə də oxunan materiala münasibət çox həssas olub. Baxın, bu gün mən getmişəm, indi tələbəm orada işləyir. Tələbəm də yeni gələnlərə dərs deyir. Ənənə belə davam edir. Teleradio Akademiyasında dərs deyənlər təcrübəli şəxslərdir, çoxu AzTV-nin yetirmələridir. Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq.
– Bütün peşəkar diktorlar rahat şəkildə “mən həm də qiraətçiyəm” deyə bilər?
– Mən hərfləri tanıyandan bədii ədəbiyyat oxumuşam. Xarakterim də oxuduğum əsərlərin məzmunu ilə formalaşıb. Radioda mənim üçün elə şərait yaranıb ki, diktorluqla yanaşı, qiraətlə də məşğul olmuşam. Mən özümü qiraət ustası hesab etmirəm. Məndə hobbidir, sadəcə sevirəm bu işi. Necə istəyirsiniz, elə də adlandırın.
– Bu gün, ümumiyyətlə, sırf şeir qiraətçisi adlandıra biləcəyimiz kimlər var?
– Ağalar Bayramov, Azad Şükürovu deyərdim... Bir şeyi deyim, 10 milyon əhali var Azərbaycanda. 10 milyon fikir, 10 milyonda rəy var. Hərənin öz dinləyicisi mövcuddur.
– Eldost müəllim, müasir şairlərə, demək olar, müraciət etməmisiniz... Daha çox Tofiq Bayramın şeirlərini səsləndirmisiniz.
– Tamamilə təsadüfdür. Sevirəm o şairi, çünki əmimə oxşayırdı.
– Ramiz Rövşən, Musa Yaqub - bunlar deyəsən əminizə oxşamır...
– (Gülür) Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirini əzbər bilirəm, dəfələrlə tədbirlərdə səsləndirmişəm. Məni şeir gecələrinə dəvət edəndə çox vaxt həmin şeiri oxumağımı istəyirlər. Ramiz Rövşənin yaradıcılığını da çox sevirəm. Məncə, onun şeirlərinin gücü ondadır ki, yazdıqları birbaşa insanın daxilinə toxunur. Amma eşitdiyimə görə o, şeirlərini özü deməyi xoşlayır.
– Deyirlər şeiri ən yaxşı elə şair özü səsləndirir.
– Qəti razı deyiləm. Hər halda indiyə qədər görməmişəm. Ramiz Rövşəni deyə bilmərəm, bəlkə də, elədir. Nə bilim, hərə bir cür fikirləşir.









