
Yay mövsümünün başa çatmasına çox az vaxt qalıb. Artıq Azərbaycana gələn turistlərin çox hissəsi öz ölkələrinə qayıdırlar.Onlar Azərbaycanda istirahət etməkdən məmnun qalsalar da amma viza alarkən üzləşdikləri problemlərdən sonra çətin ki, bir də ölkəmizə gəlmək istəsinlər.
Əvvəlki illərdə olduğu kimi bu ildə onların əsas şikayəti viza verilməsi zamanı çoxlu sənədlərin tələb olunası ilə bağlıdır. Turistlər həm viza qiymətlərinin baha olmasından narazıdırlar.
Bakıya bir həftəlik səfərə gələn Hindistan vətəndaşı Akram Khan da viza ilə bağlı kifayət qədər çətinliklərin olduğunu deyir. “Bura gələndə viza almaq üçün uzun müddət gözləməli oldum. Xarici İşlər Nazirliyindən cavab almaq heç də asan olmadı. Aldığım viza isə mənə baha başa gəldi".
Azərbaycanda viza alınmasında problemlərin olması ilk növbədə turizmin inkişafına mane olur. Prezident İlham Əliyev ölkənin turizm sektorunun inkişafı üçün bir sıra qərarlar versə də , eyni zamanda ölkənin sosial iqtisadi vəziyyətinin inkişafı üçün tədbirlər görülsə də , viza alınmasında müşahidə olunan problemlər hələ də qalmaqdadır.
Azərbaycana gəlmək istəyən turist viza almaq üçün ən azı 1 ay əvvəldən , biometrik identifikasiya tələblərinə uyğun fotodan tutmuş, nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anketə kimi bir çox sənədlər ələdə etməlidir. Amma hələ bu son deyil.
36-cı maddəsinin tam variantına bu linkdən baxa bilərsiniz
Bu sənədləri toplayan şəxs onu Azərbaycan Xarici İşlər Nazirliyinə göndərir.Heç bir problem olmadığı halda turistin ölkəyə girişinə icazə verilir. Amma bu qədər uzun proses əcnəbini bir daha Azərbaycana gəlməkdən çəkindirir. Bəs, Azərbaycan kimdən və nədən qorxur? Ola bilsin ki, ölkədə sabitliyin qorunması üçün, baş verə biləcək terror hadisələrinin qarşısını almaq üçün bu qədər təhlükəsizlik tədbiri görürük.
Qonşu Türkiyə sərhədlərində İŞİD və PKK kimi təhlükəli terror təşkilatlarının məskən salmasına baxmayaraq ölkəyə daxil olma şərtləri daha asandır.Təkcə 2014-cü ildə bu ölkəni 41,263,670 turist ziyarət edib ki bu da Türkiyə büdcəsinə əlavə $36 milyon dollar gəlir gətirib.
Türkiyə və ona qonşu olan dövlətlər
Turizm sahəsində böyük uğur əldə edən Türkiyənin viza siyasəti xəritəsinə nəzər saldıqda görərik ki, dünyanın 117 ölkəsinin vətandaşları ya vizadan azad olublar ya da ki, internet vasitəsi ilə viza alırlar.
60 ölkə - 90 gün
4 ölkə - 60 gün
11 ölkənin vətəndaşları isə 30 gün müddətində Türkiyə ərazisində vizasız qala bilərlər.
Türkiyənin viza siyasəti xəritəsi
Əfsuslar olsun ki, Azərbayan iqtisadi və təbii sərvətlər baxımından ondan daha zəif olan Gürcüstana da bu sahədə uduzur. Turizm Gürcüstanda böyük biznes sahəsinə çevrilib. 2013-cü ildə vergilərin isə 2,8 milyard dolları bilavasitə turizm sahəsinin payına düşür.
Gürcüstanda yerləşən “Antalya servis” turizm agentliyinin nümayəndəsi Taya Zaypilyani ANS PRESS-ə açıqlamasında bildirdi ki, Gürcüstanda turizmin belə sürətlə inkişaf etməsinin başlıca səbəbi aviabiletlərin ucuz və viza sisteminin daha sadə olmasıdır. “ Avropanın müxtəlif ölkələrindən Tiflisə gediş - gəliş biletinin qiyməti 300 - 350 dollar arasında dəyişir. Otellərin qiyməti isə 30 dollardan başlayır.”
“Bizdə turizm sahəsində monopoliya yoxdu. Azad sahibkarlığa şərait yaradılır və süni əngəllər törədilmir. Ucuzluq olduğuna görə turistlər Gürcüstanı seçirlər”. Bununla da Azərbaycan istəmədən külli miqdarda vəsaitin Gürcüstana axmasına səbəb olur.
Əlbəttə ki, xarici vətəndaşlarla yanaşı orta gəlirli Azərbaycanlı da bu qədər sərfəli qiyməti qoyub öz ölkəsində “od qiymətinə” istirahəti seçməz. Ona görə də , xüsusilə yay aylarında Azərbaycan-Gürcüstan sərhəddində müşahidə olunan sıxlığın səbəbini aydın başa düşmək olar.
Gürcüstan - Azərbaycan sərhədinddə sıxlıq
Gürüstanın viza xəritəsinda Yaşıl rənglə işarələnən ölkələrin vətəndaşları 360 gün müddətində ölkədə vizasız yaşaya bilərlər. Digər ölkələrə viza tətbiq edilsə də amma onu əldə etməkdə də çətinlik yaşanmır.
Gürüstanın viza xəritəsi
Azərbaycanın viza sistemindəki bu günkü vəziyyət prezident İlham Əliyevin də diqqətindən yanınmır. Dövlət başçısı iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında turizm sahəsində müşahidə olunan problemlərə toxunub. O, qeyd edib ki, viza rejimi elə olmalıdır ki, turistlərin və qonaq kimi gəlmək istəyənlərin qarşısında maneəyə çevrilməsin.
“Mən bu məsələ ilə bağlı dəfələrlə göstərişlər vermişəm. İndi müəyyən addımlar atılıb, amma bu məsələ hələ ki, tam şəkildə yoluna düşməyib. Əlbəttə, viza rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun. Otellərin öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beş ulduzlu olmayan otellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir.”
Nazirlər Kabinetinin iclası
Prezident qeyd etdi ki, Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara göstərişlər verilsə də , hələ bir nəticə əldə olunmayıb.
Bu iclasdan 1 aydan çox vaxt keçir. Vizaların verilməsinin sadələşdirilməsi ilə bağlı isə müvafiq qurumlar tərəfindən ciddi addımlar atılmayıb. Xarci İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS -ə açıqlamasında bildirdi ki, təmsil etdiyi qurum vizaların verilməsi ilə əlaqəli olan digər qrumlarla birlikdə dövlət başçısının verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində işlərini davam etdirir. Hikmət Hacıyev hələ konkret bir qərarın qəbul olnumadığını bildirdi.
Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar olaraq, “Vizaların verilməsi işinin təkmilləşdirilməsi istiqamətində qərar qəbul olunmuşdu.
Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsini yaxşılaşdırmaq üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi haqqında müqavilə imzalanmışdı.
Avropa oyunları vaxtı Azərbaycana gələn turistlərə sadə viza sistemi tətbiq edilməli idi.
Hikmət Hacıyev bildirdi ki, bu sərəncam yalnız Avropa oyunları vaxtı qüvvədə olub və sərəncamın adi günlərdə Azərbaycana gələn turistlərə tətbiq edilməsi gözlənilmir.
Azərbaycanın viza siyasəti xəritəsi
Viza siyasəti xəritəmizə nəzər saldıqda görürük ki, Azərbaycan 11 ölkənin yəni:
1. Rusiya
2. Gürcüstan
3. Belarus
4. Moldova
5. Ukrayna
6. Tacikistan
7. Qırğızıstan
8. Qazaxıstan
9. Özbəkistan
10. Monqolustan
11. Çin vətəndaşlarını çıxmaq şərti ilə digər ölkələrin vətəndaşlarından viza və diplomatik passportlar tələb edir. Siyahıda Amerika və Avropa qitələrində yerləşən ölkələrin olmaması Azərbaycana gələn milyonlarla turistin qarşısını alır.
Bütövlükdə Azərbaycanda turizmin inkişaf etməsinə mane olan problemlər dövlət büdcəsinə daxil olan gəlirin azalması deməkdir. Ona görə də həm viza verilməsi proseduru daha da sadələşdirilməli, həm də xidmətin keyfiyyəti yüksəldilməlidir ki, ölkəmizə gələn turistlərin sayı artsın və büdcəmizə daha çox vəsait daxil olsun.









