
DİA.AZ xəbər verir ki, “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov facebook səhifəsində Silahlı Qüvvələrin Baş Qərargahı üçün inşa edilən yeni bina ilə bağlı maraqlı status paylaşıb. DİA.AZ olaraq həmin statusu təqdim edirik:
“Dəyərli dostlar, hörmətli həmkarlarım!
Haqqında bəhs edəcəyim məsələ ola bilsin ki, kimlər üçünsə o qədər də əhəmiyyətli görünməsin. Amma, bir peşəkar hərbçi gözü ilə baxanda, ortalığa çox maraqlı və olduqca düşündürücü mənzərə çıxacaq. Bildiyiniz kimi, iyulun 26-da Müdafiə Nazirliyinin ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı üçün inşa edilən və guya yeni və müasir tipli inzibati bina olacağı bildirilən bir mərasim keçirildi. Yayın 40 dərəcəyə çatan isitisində,əyinlərində pencək və başlarında papaq (yay üçün xüsusu geyimlər və formalar mövcuddur) başda müdafiə naziri olmaqla bütün general və polkovniklər həmən təməlqoyma mərasiminə qatılmışdılar.
Özünü "islahatçı, novator nazir" kimi göstərməyə çalışan müdafiə naziri təməlqoyma mərasimində çıxış edərək gen-bol aparılan işlərdən danışıb. Kənardan baxan və məsələnin incəliklərindən bixəbər olan şəxslər üçün ola bilsin ki, belə tipli reklam tədbirləri hansısa maraq doğursun. Amma, bizlər gözəl bilirik ki, müdafiə naziri ordu quruculuğundan daha çox tamam başqa işlərlə məşğuldur. Zamanı və vaxtı gələndə özünüz də buna şahid olacaqsınız ki, Zakir Həsənovun müdafiə naziri postunda olduğu dönəmində dövlət büdcəsindən müdafiə və təhlükəsizlik üçün ayrılan milyonlarla vəsait təyinatı üzrə deyil, tamam başqa məqsədlərə xərclənib. Elə SQ Baş Qərargahı üçün "yeni və müasir" tipli binanın tikintisi məsələsi də bu seriyadan olan qara əməllərdən biridir. Müharibə amili ilə əlaqadar əsgər və zabitlərinin 70-80 faizi, bəlkə də bu rəqəmdən də artığı, SƏNGƏR şəraitində səhra şəraitində yaşayan, xidmət keçən orduya indiki məqamda BQR-in binası o qədərmi önəmlidir ki, Zakir Həsənov bu işə başlayıb? Minlərlə zabit və gizir ailələri kirayədə yaşadıqları halda, dövlət buna milyonlarla vəsait xərclədiyi bir dönəmdə, "üstü bəzək, altı..." olan generallara indiki xidmət otaqları darısqallıqmı edir? Kim bilməsə də, bu sətirlərin müəllifi kimi mən Zaqafqaziya Hərbi Dairəsinin gündəlik mətbu orqanının Azərbaycan üzrə müxbir məntəqəsinin rəisi kimi MN-nin indiki o möhtəşəm binasından o vaxtkı SSRİ MN-nin az qala yarısını təşkil edən Hərbi Dairələrinin, hətta Əfqanıstandakı məhdud qoşun birləşmələrinin idarə olunmasının canlı şahidiyəm. İndiki "virtual döyüş keçən müdafiə nazirimiz" o vaxtlar Amur vilayətində hərbi komissarlıq sistemində "yaxşı hərbi sirrləri" əxz edirdi. İndiki Baş Qərargah rəisi də, mayor rütbəsində adi zabitlərdən biri idilər. Mən hələ o biri "kabinet generallarını", indiki "misilsiz biznes sərkərdələrini" demirəm. İndi bunların əli və imkanları müstəqil dövlət olan Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitlərinə çatıb və bu qaqaşlar da var gücü ilə bu pulları necə gəldi və hara gəldi əritməklə məşğuldurlar. Adını da qoyurlar ki, guya Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu yoldaşlara icazə verib ki, gedin "ordunun maddi-texniki bazasının möhkəmləndirin". İyunun 26-da hərbi qulluqçular üçün paytaxt Bakıda inşa edələn "müasir xidməti mənzilləri" yəqin ki hamı gördü. Yalandan lent kəsmək, cammaatın gözünə kül üfürmək, insanlara yalan danışmaq... Şəxsən mən respublikanın sözü keçən hərbi prokuroru olsaydım, bu əməlinə görə bəzi generalları Kürdəxanı İstintaq Təcridxanasına göndərərdim. Yetər artıq bu özbaşınalıq. Siz kimsiniz ki, dövlətin pullarını öz dost-tanışlarınız, öz qohum-əqrabanız arasında belə xaincəsinə dağıdırsınız? Həqiqəti yazırsan bu "kabinet generallarının" xoşuna gəlmir. Onlara məsləhətim yanlarında həmişə soyuq su saxlamaqdır...
Hərbi hissələrdə yeni əsgər kazarmalarına və digər məişət obyektlərinə böyük ehtiyac var. Və hələ bundan sonra da olacaq. Bir qədər təvazökar olun, ay müdafiə naziri və onun "dostlar klubu". Unutmayın ki, gec-tez hər şeyə görə siz cavab verməli olacaqsınız. Əbədi vəzifədə qalmayacağınızı da unutmayın. Hər qəpiyə görə cavab vermək lazım olacaq.
General-polkovnik Zakir Həsənov Baş Qərargahın yeni inzibati binasının qısa bir vaxtda və keyfiyyətlə tikilməsi üçün şirkət rəhbərliyinə tövsiyələrini bildirib. Bu, ümumiyyətlə şedevr bir ifadədir. Tikintinin də öz qayda-qanunları, normaları var. Müasir binanın keyfiyyətli olması üçün ən əsas şərtlərdən biri "5 illiyi 3 ildə yerinə yetirmək deyil", tikinti tələblərinə ciddi əməl edilməsidir. Orada insanlar xidmət keçməlidirlər. Başdansovdu, tez-tələsik, hansısa pulgir və iddialı vəzifəli şəxsin tələblərinə görə deyil, uzun illər üçün hesablanmış dövlət idarəsi ərsəyə gətirmək lazımdır.
Sonda, müdafiə nazirinin yadına bir məsələni də çatdırmağı vacib sayıram ki, o bu günə kimi Azərbaycan dövləti adından çıxarılmış bir neçə yüz məhkəmə qətnamələrini hələ də icra etməyə tələsmir. Adını da qoyub ki, MN-nin məzuniyyət və əşya əmlakına görə ehtiyatda olan zabitlərə və gizrlərə ödəməyə pulu yoxdur?! Amma, biz görürük ki, şəxsən öz ambisiyalı məqsədlərinə xidmət edən maraqları üçün MN-nin rəhbərliyi milyonlarla pul da tapa bilir və hətta digər məsələləri də həll etmək iqtidarındadır. Minlərlə ehtiyacı olan zabit və gizirlərimiz isə hələ də gözləyirlər ki, müdafiə nazirliyinin rəhbərliyi Konstitusiya Məhkəməsinin qərarını nə vaxt yerinə yetirəcək. Söhbət insanların halal pullarından gedir. Yeri gəlmişkən, MN-nin Mərkəzi Aparatı və yerlərdəki hərbi hissə və birləşmələri o pulları çoxdan alıblar...”









