
Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda intensiv kökəltmə təsərrüfatlarının inkişafı və heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi məqsədilə diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kq diri çəki üzrə 0,4 manat məhsul subsidiyası veriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, subsidiyanın tətbiqi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan, heyvanın ölkədə doğulması və ya ən azı 6 ay ölkə daxilində kökəldilməsi, identifikasiyası və sığortası, eləcə də qeydiyyatda olan kəsimxanada kəsilməsi tələb olunacaq.
Dəri və yun xammalının emala cəlb edilməsinin təşviqi məqsədilə emal müəssisələrinə təhvil verilmiş iribuynuzlu heyvan dərisinə 3 manat/ədəd, xırdabuynuzlu heyvan dərisinə 0,3 manat/ədəd, yuna isə 0,30 manat/kq məhsul subsidiyası tətbiq ediləcək.
Bundan başqa, heyvanların genetik potensialının yüksəldilməsi məqsədilə mövcud süni mayalanma subsidiyası diferensiallaşdırılacaq. Yerli cins heyvanların süni mayalanmasından alınan birinci nəsil buzovlara 75 manat, ikinci və sonrakı nəsillərə 150 manat, yerli damazlıq təsərrüfatların yüksək məhsuldar cins heyvanlarından alınan buzovlara 50 manat, embrion köçürmə nəticəsində alınan buzovlara isə 250 manat subsidiya veriləcək.
Beləliklə, ət istehsalı ilə bağlı vəziyyət dəyişə bilər. Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, bu addımın əsas məqsədi heyvanın 600 kiloqram canlı çəkiyə çatdıqda fermerin hər kiloqram üçün 40 qəpik subsidiya ala bilməsidir:
“Heyvanın 600 kiloqrama çatdırılması o qədər də asan məsələ deyil. Yəqin ki, bu, daha çox xüsusi cins heyvanlarda və xüsusi bəslənmə şəraiti olan təsərrüfatlarda mümkün olacaq. Əslində subsidiyanın məqsədi vətəndaşı heyvanı daha uzun müddət saxlamağa və daha intensiv bəsləməyə stimullaşdırmaqdır.
Yəni fermer heyvanı kiçik çəkidə bazara çıxarmaq əvəzinə, müəyyən çəkiyə qədər böyütməkdə maraqlı olsun. Hazırda bazara çıxarılan heyvanların çəkisi təxminən 200-250 kiloqram ola bilər. Belə bir heyvanı 600 kiloqrama çatdırmaq isə kifayət qədər böyük məsələdir”.
O qeyd edib ki, layihənin əsas məqsədlərindən biri yerli ət istehsalını artırmaqdır:
“Burada söhbət yalnız heyvanların sayının artırılmasından getmir, bir heyvandan əldə olunan ət miqdarı da önəmlidir. Məsələn, üç heyvandan ümumilikdə 600 kiloqram canlı çəki əldə etmək bir məsələdir, bir heyvanı 600 kiloqrama çatdırmaq isə tamam başqa məsələ. Hökumət də bu mexanizmlə fermerə əlavə dəstək verərək onu heyvanı daha uzun müddət bəsləməyə həvəsləndirmək istəyir”.
Onun sözlərinə görə, məsələ ilə bağlı bir sıra nüanslar var:
“Heyvanı 600 kiloqrama çatdırmaq üçün əlavə vaxt və daha çox yem tələb olunur. Fermer də hesablamalıdır ki, heyvanı 200-250 kiloqramda satanda nə qədər gəlir əldə edəcək, 600 kiloqrama çatdırdıqda isə nə qədər əlavə xərc çəkəcək. Çünki 600 kiloqram çəki göydən düşmür.
Bunun üçün müəyyən müddət, yem, qulluq və əlavə xərclər lazımdır. Heyvanın xəstələnməsi və digər risklər də nəzərə alınmalıdır. Digər tərəfdən, bazardakı ət qiymətləri də fermerin qərarına təsir edə bilər.
Heyvanın çəkisi artdıqca, onun ətinin qiyməti avtomatik olaraq eyni nisbətdə artmaya bilər. Burada heyvanın yaşının da əhəmiyyəti var. Həddindən artıq böyük və yaşlı heyvanın ətinə tələbat və qiymət məsələsi də fərqli ola bilər.
Çünki istehlakçı dana ətinə inək əti ilə müqayisədə daha çox pul ödəyə bilər. Ətin yumşaqlığı və digər keyfiyyət göstəriciləri də bu baxımdan əhəmiyyətlidir. Ona görə də elə bir vəziyyət yarana bilər ki, çəki artdıqca fermer əlavə xərc çəksin, amma məhsulun satış qiyməti gözlədiyi qədər yüksəlməsin. Bu halda fermer heyvanı daha aşağı çəkidə satmağın onun üçün daha sərfəli olduğunu düşünə bilər”.
Ekspert qeyd edib ki, məqsəd fermer üçün stimul yaratmaqdır və subsidiya müəyyən qədər bu stimulu yarada bilər:
“Amma subsidiyanın bütün problemləri həll edəcəyini demək mümkün deyil. Sahibkar yalnız subsidiya veriləcək deyə avtomatik olaraq heyvanı 600 kiloqrama çatdırmaq qərarı verməyəcək.
O, əvvəlcə hesablayacaq ki, bunun üçün nə qədər müddət, nə qədər yem və xərc tələb olunur, xəstələnmə və digər əlavə risklər nə qədərdir. Bütün bunları nəzərə aldıqdan sonra qərar verəcək. Yəni subsidiya burada fermer üçün əlavə gəlir xətti və əlavə stimul kimi çıxış edə bilər”.
























