Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Media İnkişafı Agentliyi kəskin və qeyri-adi bir xəbərdarlıqla çıxış edib.
"Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları özlərini ölkədəki müxtəlif icmaların maraqlarını təmsil edən kütləvi informasiya vasitəsi kimi qələmə verməyə cəhd göstərirlər", - deyə bəyanatda bildirilib.
"Özünü "Azərbaycan Yəhudi Media Mərkəzi" və yəhudi mənşəli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış xəbər portalı kimi təqdim edən "Ajmedia.news" veb-saytı dərc etdiyi materiallarda media etikası tələblərinə cavab vermir və "Media Reyestri" informasiya sistemində yer almayıb… Həmin resursla bağlı müvafiq qərar qəbul edilib, "Media haqqında" Qanunun tələblərini pozduğuna görə onun fəaliyyəti qanunsuz hesab edilib", - deyə Agentlik məlumat verib.
Musavat.com xəbər verir ki, İsrailin "İsraLife" saytı Azərbaycanda baş verən bu məsələ ilə bağlı məqalə yayıb.
Sayt yazır ki, bu məsələ sadəcə qeydiyyat rəsmiyyətlərinin pozulmasından çox daha genişdir. Məsələ onun sahibinin özünü necə aparmasındadır. Saytın fəaliyyətinin nə üçün Azərbaycanın yəhudi icmalarında da bu qədər narazılıq doğurduğunu anlamaq üçün məsələnin tarixçəsinə bir qədər dərinləməsinə nəzər salmaq lazımdır.
Ajmedia.news saytı 2020-ci ildə "Azərbaycan Yəhudi Media Mərkəzi"nin təşəbbüsü ilə yaradılıb. Bu Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) elə həmin il Sumqayıtda qeydiyyata alınıb.
Nizamnamə kapitalı cəmi 10 manatdır (təxminən 6 ABŞ dolları). Şirkəti və saytı Nəsimi Novruz oğlu Əbilov adlı şəxs təsis edib.
İsrail hüdudlarından kənarda onun fəaliyyəti haqqında az şey məlumdur. Lakin Azərbaycan saytlarında və sosial şəbəkələrdə o, sanki Azərbaycan yəhudilərinin rəhbəri kimi təqdim olunur. Bu təəssürat onun özü tərəfindən süni şəkildə yaradılır: o, müsahibələr verir, burada bütün yəhudi xalqının əhval-ruhiyyəsindən danışır, ümumilikdə Azərbaycan yəhudi icmasının "rəyini" ifadə edir və s. "Yəhudi Media Mərkəzinin direktoru" imzası ilə birlikdə bu, icma liderlərindən birinin çıxış etdiyi təəssüratını yaradır.
Sayt yazır ki, Nəsimi Əbilov Azərbaycandakı yəhudilər adından hətta Azərbaycan Prezidenti İlham Əliyevə məktub da ünvanlayıb. Dövlət başçısının rəsmi saytına göndərilən 3 may 2020-ci il tarixli məktubda Nəsimi Əbilov koronavirus pandemiyasına qarşı mübarizədə görülən tədbirlərə görə prezidentə təşəkkür edib. Və altından bu cür imza qoyub:
"Sumqayıt şəhər yəhudi icmasının təsisçisi". Lakin o, təsisçi deyil.
Azərbaycanda, əlbəttə ki, heç kimə yeni icmalar açmaq qadağan edilmir. Burada 40-a yaxın qeyri-müsəlman birliyi var. Və Sumqayıtda da vaxtilə, 2004-cü ildə yerli yəhudi icması yaradılıb. Əvvəlcə o, Bakı Aşkenazi Yəhudiləri İcmasının "filialı" olub, 2009-cu ildə formal müstəqillik qazanıb, 2024-cü ildə isə yenidən qeydiyyatdan keçib. İsraildəki "amutot"lar (QHT) kimi, bu cür icmaların qeydiyyatı üçün də bir neçə nəfər lazımdır. Nəsimi Əbilov sadəcə onun qeydiyyat şəhadətnaməsinə yazılmış on təsisçidən biridir. Yəni ən yaxşı halda o, çoxlu həmtəsisçilərdən biridir. Sumqayıt İcmasının rəhbəri və Bakı Aşkenazi Yəhudiləri İcmasının sədr müavini Yevgeni Brenneysonun bildirdiyinə görə, son illərdə Nəsimi e1Əbilov yalnız icma tədbirlərində iştirak edib — lakin onların heç birini maliyyələşdirməyib və heç birinin təşəbbüskarı olmayıb. Vəsaitləri Bakı icması, şəxsən Brenneyson öz şəxsi vəsaitindən və 20 ildən çox əvvəl bu icmanı təsis etmiş ravvin Mendel Leyster ayırır.
Avqustun 31-də Respublika rəhbərinin saytındakı həmin məktub silinib.
Sayt yazır ki, Nəsimi Əbilovun bu müraciəti zərərsiz bir özünübəyənmə deyildi:
"2025-ci ildə icmalara Azərbaycan yəhudilərindən şikayətlər daxil olmağa başladı. İnsanlar iddia edirdilər ki, Ajmedia saytında onlar haqqında dərc olunan yazılar gerçəkliyi əks etdirmir. Bəzi yəhudi xadimlərini əsassız olaraq hakimiyyətin əleyhdarı kimi göstərməyə çalışırdılar və s. O zaman Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski və Bakı Sefard Yəhudiləri Dini İcmasının rəhbəri ravvin Zamir İsayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər. Xahiş ediblər ki, bu "media mərkəzi"nin onların icmalarına heç bir dəxli olmamasını və saytdakı, sosial şəbəkələrindəki materialların onların mövqeyini ifadə etmədiyi nəzərə alınsın.
Bundan az sonra məhkəmə prosesi başladı və domen sahibindən qeydiyyat tələblərini pozduğuna görə saytı bağlamaq tələb olundu. Onun əməkdaşlarının özlərini "Azərbaycan KİV-i" kimi təqdim etməyə hüquqları yox idi. "İsrail KİV-nin nümayəndələri" kimi də: İsrail Hökumətinin Mətbuat Bürosunda (LAAM) nə Ajmedia.info saytı, nə də onun əməkdaşlarından hər hansı biri qeydiyyata alınmayıb. Bu səbəbdən məhkəmə bu resursun bağlanması barədə qərar çıxardı.
AJMedia.info domen adının sahibi Tariel Abdullayev məhkəməyə bildirib ki, onun da resursla heç bir əlaqəsi yoxdur, internet ünvanından isə Nəsimi adlı başqa bir şəxs istifadə edir.
Tariel Abdullayev məhkəmənin qərarını yerinə yetirdi, saytı bağladı. Lakin sonrqdan Nəsimi Əbilov bir başqa ünvan alıb və Ajmedia.info əvəzinə Ajmedia.news olaraq fəaliyyətini davam etdirib".
Sayt Azərbaycanda yəhudi kimliyi ilə ortalığa çıxan Kazım Abbasov - "David Seliverstov" haqda da yazır:
"Bir qədər əvvəl Azərbaycanda başqa bir şəxsin, "David Seliverstov" adlı kəsin ifşası ilə bağlı qalmaqal qopub. Məlum oldu ki, onun adı tamamilə başqadır - Kazım Abbasov. O, Azərbaycan parlamentinin deputatı Anatoliy Rafailovun yaxın adamı olub. "David Seliverstov" haqqında ifşaedici yazılar Musavat.com və Haqqin.baz nəşrlərində işıq üzü görüb.
Jurnalistlərin bildirdiyinə görə, Kazım Abbasov özgə adı altında hətta İsrail Prezidenti İsxak Hertsog ilə görüşə keçməyə cəhd edib, lakin bu cəhd baş tutmayıb — İsrail mühafizəsi onun qarşısını alıb. Həmçinin Abbasov-"Silvestrov" İsraildə bu yaxınlarda "Likud"da praymerizdə namizədliyini irəli sürmüş Pavel İlizarovun rəhbərlik etdiyi Qafqazdan olanların QHT-nin nümayəndəsi olduğunu iddia edirdi.
Buda Əbilovun vaxtilə öz sosial şəbəkələrində yaydığı fotoşəkil: o, burada Abbasovla birlikdə təsvir olunub. Şəkildəki üçüncü şəxs - Milli Məclisin deputatı Rafailovdur. "Böyük yəhudi KİV-nin sahibi", "icma təsisçisi" və s. bu kimi "status" Əbilova bir çox məmurlarla görüşməyə, hökumət tədbirlərində iştirak etməyə, habelə qəribə tələblər irəli sürməyə şərait yaradır: məsələn, o, dövlətin icmalara ayırdığı vəsaitlərin istifadəsində "daha böyük şəffaflıq" tələb edib.
Doğrudan da, Azərbaycan Respublikasının hakimiyyəti ölkədəki hər üç yəhudi icmasına — xristian və digər qeyri-müsəlman birliklərinə olduğu kimi - maliyyə köməyi göstərir. Təsadüfi deyil ki, bu gün bir çoxları bu ölkəni tolerantlıq və mehriban qonşuluq nümunəsi adlandırır. "Bizim dövlət tərəfindən böyük dəstəyimiz var. Şükürlər olsun ki, özəl sponsorlar da var, digər yəhudi təşkilatları da müəyyən layihələri dəstəkləyərək çox kömək edirlər - lakin məhz dövlət dəstəyi yəhudi proqramlarının qorunub saxlanmasını təmin edir. Vəsaitlər Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılır", - deyə ravvin Zamir İsayev verdiyi müsahibədə bildirmişdi. 2026-cı ilin avqust ayında Azərbaycan yəhudilərinin liderləri buna yenidən reaksiya verməli oldular. Onlar Prezident Əliyevə hərtərəfli dəstəyə və ölkədə yəhudilər və yəhudi həyatı üçün yaradılan ümumi əlverişli şəraitə görə təşəkkür etdikləri yeni bəyanat yaydılar. Onların 31 avqust tarixli bəyanatını Azərbaycanın qeydiyyatdan keçmiş və qanunun bütün tələblərinə uyğun fəaliyyət göstərən həqiqi yəhudi xəbər portalı olan "Jnews.az" sitat gətirir.
Təəssüf ki, Sumqayıt "tərəfdaşlığına" mənsubluq bütün Azərbaycan icmalarından hesabat tələb etməyə imkan vermir. Üstəlik, onların hamısı vergi və digər qurumlar qarşısında hesabatlıdır və yoxlanılır. Beləliklə, onların fəaliyyəti "qeyri-şəffaf" ola bilməz. Lakin Nəsimi Əbilovun saytının və sosial şəbəkələrin Azərbaycan dilində də yaydığı bu mövzuda nəşrlər yəhudilərin üzərinə kölgə sala, qonşuların onlara daha pis baxmasına rəvac verə bilər. Sanki yerli yəhudilərə Qideon Saardan gələn "etiraf" azlıq edirdi - bu arada, İsrail nazirinin Bakıya səfəri zamanı Nəsimi Əbilov onunla da görüşməyi bacarmışdı.
İcma rəhbərlərinin yaydığı yeni birgə bəyanatda "son günlər özünü "Azərbaycan Yəhudi Media Mərkəzi" kimi təqdim edən struktura məxsus "AJMedia" xəbər portalında ölkənin yəhudi dini icmalarının fəaliyyəti haqqında həqiqətə uyğun olmayan məlumatların dərc olunmasından" təəssüf ifadə edilir. Bəyanatda vurğulanır ki, hər hansı media strukturunun yəhudi dini icmaları adından çıxış etməsi, icmaların rəsmi mövqeyinə istinad etmədən onların mövqeyini təqdim etməsi, onların adından ictimai rəy formalaşdırmaq cəhdləri yolverilməzdir. "Azərbaycanın yəhudi dini icmaları "AJMedia"nı öz informasiya resursu kimi tanımır, onu heç bir formada dəstəkləmir və bəyan edir ki, bu resursda dərc olunan rəylər icmaların mövqeyini əks etdirmir", - sənəddən sitat.
Azərbaycanın yəhudi birliklərində hesab edirlər ki, söhbət Azərbaycan və İsrail arasında son illərdə baş verən strateji yaxınlaşmadan, eləcə də ənənəvi Azərbaycan tolerantlığından öz maraqları üçün - iki xalq və ölkə arasındakı mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək üsullarla - istifadə etmək cəhdlərindən gedə bilər. Lakin indi Media İnkişafı Agentliyi xatırlatdı ki, bu saytın fəaliyyəti qanunsuz hesab edilib. Beləliklə, görünür, tezliklə bu əhvalata da nöqtə qoyulacaq".
Musavat.com






