44 günlük Vətən müharibəsində iştirak etmiş bir qrup əsgər və zabit onlara veteranlıq statusunun verilməməsindən şikayət edir.
Bu barədə onlar Gununsesi.info-ya müraciət ediblər.
Şikayətçilər hesab edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1-ci bəndi onların hüquqlarının pozulmasına səbəb olub.
Məsələ onların müraciəti əsasında sentyabrın 9-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda yazılı icraat qaydasında araşdırılacaq.
Həmin müraciəti təqdim edirik:
“Hörmətli redaksiya,
Bildiririk ki, 9 sentyabr 2026-cı il tarixində Konstitusiya Məhkəməsinin Plenumunda ərizəçi Kənan Yusif oğlu Həşimov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması məsələsinə yazılı icraat qaydasında baxılacaqdır.
Şikayətin əsas məzmunu ondan ibarətdir ki, Ali Baş Komandanın əmri ilə 44 günlük Vətən Müharibəsinə çağrılmış, konkret döyüş tapşırıqları almış və 44 günlük Vətən Müharibəsi dövründə və ondan sonrakı dönəmdə döyüş əməliyyatları aparan “N” saylı hərbi hissə və ya orqanların tərkibində hərbi xidmətdə olmuş bir qrup əsgər və zabit olaraq bizə bu günə qədər veteranlıq statusu verilməmişdir və nəticədə hüquqlarımız kobud şəkildə pozulmuşdur.
Bu hüquq pozuntusuna səbəb olan əsas məsələlər ondan ibarətdir ki, Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1-ci bəndi Konstitusiya normalarına və “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə, eləcə də Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununun normalarına, həm də cənab Prezidentin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamına zidd olmuş və nəticədə biz əsgər və zabitlərə ağır və bərpaedilməz zərər dəymişdir. Biz inanırıq ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və onun Plenumu Nazirlər Kabinetinin sözügedən 420 nömrəli qərarındakı ziddiyyətlərə münasibətdə əsaslandırılmış hüquqi qiymət verəcək və biz əsgər və zabitlərə dəymiş ağır və bərpaedilməz zərəri aradan qaldıracaq və nəticədə bizim hüquqlarımızın bərpa edilməsi istiqamətində dövlət səviyyəsində mühüm işlər görüləcək. Məhz buna görə də biz Konstitusiya Məhkəməsinə müraciət etmişik. Bilirik ki, Konstitusiya Məhkəməsi məhkəmə sistemində və ümumi hüquqi strukturda Konstitusiyanın aliliyini təmin edən ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya Məhkəməsinin əsas rol və vəzifələrindən biri də budur ki, Konstitusiya Məhkəməsi normativ hüquqi aktlarda ziddiyyət aşkar etdikdə həmin aktları qüvvədən düşmüş elan edir.
Biz səmimi qəlbdən inanırıq ki, Konstitusiya Məhkəməsinin Plenumu Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1-ci bəndində, ərizədə göstərdiyimiz kimi, Konstitsiya normaları ilə 10-a qədər ziddiyyəti nəzərə alıb, həmin 1.1 bəndinin qüvvədən düşməsi barədə qərar qəbul edəcəkdir.
Biz bir daha bəyan edirik ki, bu ziddiyyətlər aradan qaldırılmalıldır. Bu həm də Qanunun aliliyi prinsipinin tələbidir. Çünki söhbət burada pozulmuş hüquqlarımızın müdafisəindən və bərpa edilməsindən gedir ki, bu məsələ də birbaşa Konstitusiya Məhkəməsinin əsas vəzifələrinə aiddir”.







