Azərbaycan futbolu üçün daha bir həyəcanlı gecə gəlib çatdı. “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsindən sonra bütün diqqətlər bu dəfə “Qarabağ”a yönəlib. Ağdam təmsilçisi bu gün saat 20:00-da Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubunu qəbul edir.
Əfsanəvi baş məşqçimiz Qurban Qurbanovun komandası ilk oyunda səfərdə minimal hesablı qələbə qazanaraq böyük üstünlük əldə edib. Kadi Borgesin qolu ilə qazanılan 1:0 hesablı qələbə “Qarabağ”a cavab görüşü öncəsi mühüm psixoloji və taktiki üstünlük verib. İndi isə həmin üstünlüyü qorumaq və uzun illərdir davam edən avrokubok ənənəsini növbəti mərhələyə daşımaq lazımdır.
Bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda sadəcə bir futbol qarşılaşması deyil, Azərbaycan futbolunun Avropadakı növbəti sınağı yaşanacaq. “Sabah”ın Çempionlar Liqasındakı tarixi uğurundan sonra “Qarabağ”ın da Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanması ölkə futbolu üçün möhtəşəm nəticə ola bilər. Üstəlik, “Qarabağ”a növbəti mərhələyə adlamaq üçün heç-heçə də kifayət edir.
Amma futbolun ən təhlükəli tərəfi də məhz budur ki, üstünlük əldə etmək başqa, onu sona qədər qorumaq isə tamam başqa məsələdir. “Tvente” artıq Bakıya hər şeyi dəyişmək, ilk oyundakı 0:1 hesabının əvəzini çıxmaq və Azərbaycan təmsilçisinin qarşısını kəsmək üçün gəlir.
“Qarabağ” səfərdə qazandığı üstünlüyü Bakıda qoruyub avrokuboklarda yoluna davam edəcək, yoxsa “Tvente” bu hekayənin sonunu yazacaq?
İdman jurnalisti Kənan Məstəliyev fikirlərini Musavat.com-a açıqlamasında bölüşdü: “Sabah”ın tarixi uğurundan cəmi iki gün sonra daha bir Azərbaycan klubunun avrokubokların əsas mərhələsinə yüksəlmək şansı ölkə futbolu adına böyük hadisədir. “Qarabağ” ilk oyunda ehtiyat qüvvələrin məhdud olduğu bir vəziyyətdə ağır səfərdən qələbə ilə qayıtmaqla çox vacib üstünlük əldə edib. İlk matçın nəticəsi bizi həm sevindirdi, həm də müəyyən qədər narahat etdi. Sevindirici məqam odur ki, komanda faktiki ehtiyat qüvvəsiz oynadığı halda belə çətin səfərdən qələbə ilə qayıtdı. Narahatlıq isə məhz ehtiyat qüvvələrin azlığı ilə bağlıdır. Bir oyunda müdafiə olunaraq, əks-hücumlarla qələbə hesabını qorumaq mümkündür. Amma Bakıda bunun eyni formada alınacağını düşünmürəm. “Tvente” uşaq deyil, ilk oyundan nəticə çıxaracaq və daha təhlükəli oynayacaq”.
Məstəliyev hesab edir ki, bu vəziyyətdə Qurban Qurbanovun qarşısında kifayət qədər çətin taktiki seçim dayanır: “Qurban Qurbanovun A planının hazır olduğuna şübhə etmirəm. Amma əsas məsələ B planıdır. Oyun istənilən kimi getməsə, ehtiyat qüvvələrin azlığı fonunda məşqçinin qarşılaşmaya necə müdaxilə edəcəyi ciddi sualdır. Əliağa Vahidin “Tutalım əsrimizin Həzrəti İsası mənəm, bu soxasoxda nə möcüzə icad eləyim?” misraları var. Bu gün həmin sözlər Qurban Qurbanovun dilindən səslənsəydi, bəlkə də vəziyyəti kifayət qədər dəqiq ifadə edərdi”.
İdman jurnalisti “Qarabağ”dakı zədə probleminə də xüsusi diqqət çəkib. Onun fikrincə, futbolçuların əksəriyyətinin ağır kontaktlardan deyil, əzələ problemlərindən sıradan çıxması araşdırılmalıdır: “Savo, Elvin, Sefas, son oyunda Bikalyo... Bunların heç biri ağır kontaktdan sonra zədələnməyib. Söhbət əsasən əzələ problemlərindən, yüklənmədən yaranan zədələrdən gedir. Bu, ciddi məsələdir. Məncə, Qurban Qurbanov bu işə cavabdeh olan şəxsdən hesabat tələb etməlidir. Niyə hər həftə bir futbolçu bu cür sıradan çıxır? Bunun səbəbi müəyyənləşdirilməlidir. Problemi yalnız transfer siyasəti ilə əlaqələndirmək də düzgün deyil. Desək ki, transfer edilmir, səhv etmiş olarıq. Transferlər edilir, hətta iki yeni futbolçunun da gəlməsi gözlənilir. Amma futbolçunu alıb iki həftə istifadə etdikdən sonra onun xidmətindən yararlana bilməmək çox üzücü vəziyyətdir. Bu məqama daha ciddi yanaşmaq lazımdır”.
“Tvente”nin də Bakıya tam optimal vəziyyətdə gəlmədiyini bildirən Məstəliyev hesab edir ki, niderlandlıların məcburən hücuma atılması “Qarabağ” üçün əlavə imkanlar yarada bilər: “Qonaqların qələbəyə ehtiyacı var və buna görə irəli gedəcəklər. Əslində, hücum futbolu onsuz da onların ənənəvi oyun tərzidir. Amma bu dəfə başqa çıxış yolları da azdır. Hücuma daha çox atıldıqca onsuz da ideal olmayan müdafiələrində boşluqlar yaranacaq. “Qarabağ” həmin boşluqlardan yararlanmalıdır. Qarşılaşmada hər iki komandanın qol imkanları olacaq. Bizim adımıza əsas məsələ onları boşa verməməkdir. Rəqib də fərqlənə bilər, biz də. Sadə səslənsə də, matçın taleyini daha dəqiq oynayan komanda müəyyənləşdirəcək. “Qarabağ” belə matçlara çox çıxıb və çox sınaqları geridə qoyub. Bunu da növbəti sınaq hesab etmək lazımdır. Qurban Qurbanova və komandaya inanmaq, “Sabah”a verdiyimiz dəstəyi “Qarabağ”a da göstərmək lazımdır. Dəfələrlə tarix yazmış, Azərbaycan futboluna böyük sevinclər yaşatmış bu kollektiv bunu haqq edir”.
Musavat.com









