Azərbaycan dövləti ABŞ-ın Delaver Dairə Məhkəməsində bu ölkənin CNN telekanalı ilə çəkişmə aparır. Şikayət avqustun 17-də təqdim olunub.
Tehranı nüvə silahı hazırlamaq cəhdlərində ittiham edən İsrail 2025-ci il iyunun 13-dən İrana hərbi zərbələr endirib. İyunun 22-də ABŞ da hücumlara qoşulub, iyunun 24-də savaş bitib. 2026-cı il fevralın 28-dən aprelin 8-dək İran yenə vurulub. Gərginlik hələ də qalır.
İyunun 5-də CNN-in saytında İsrailin Azərbaycan ərazisindən yararlanaraq İrana qarşı hərbi və kəşfiyyat xarakterli əməliyyatlar keçirdiyi haqda saxta məlumat dərc olunub. Telekanal anonim mənbələrə istinadla yaydığı böhtanı təkzib etmədiyi üçün Azərbaycan dövləti işi ABŞ məhkəməsinə daşıyıb.
Musavat.com xəbər verir ki, ABŞ-ın “Variety” gündəlik qəzeti Delaverdəki məhkəmə prosesində Azərbaycanı təmsil edəcək vəkil Ueyn Dennisondan müsahibə götürüb. Vəkil qeyd edib ki, Azərbaycanın məsuliyyətsiz hazırlanmış xəbərdən doğan zərərə görə hüquqi müdafiə tələb etmək haqqı var: “Bu həqiqətə uyğun olmayan iddia insanların həyatını təhlükəyə atıb. Xarici suveren dövlətlərin özlərinə vurulmuş zərərin aradan qaldırılması üçün ABŞ məhkəmələrindən yararlanmaq hüququ var. Bu, federal məhkəmələrimizin yurisdiksiyasının tərkib hissəsidir.(mənbə: novator.az)
Məhz bu işə gəldikdə, CNN-in yanlış və nəticə etibarilə hüquq pozuntusu təşkil edən fəaliyyət göstərdiyini düşünürük. Söhbət tənqiddən getmir. Söhbət davam edən müharibə ilə birbaşa bağlı olan konkret bəyanatlardan gedir.
CNN Azərbaycanın müharibə şəraitindəki fəaliyyəti ilə bağlı iddia yayıb. Azərbaycan tərəfi bu məlumatların tamamilə və birmənalı şəkildə yalan olduğunu bildirir. Həqiqətə uyğun olmayan bəyanatların nəticəsi isə insanların həyatını faktiki olaraq təhlükəyə atır.
CNN-in məlumatı necə təqdim etməsinə nəzər salaq. İddianı faktiki olaraq “kimsə belə deyib” formasında təqdim ediblər. Deyirlər ki, “adı açıqlanmayan mənbəmiz var”. Bu, sözün əsl mənasında “kimsə belə deyib” deməkdən başqa bir şey deyil.
CNN-in yaydığı xəbər “İran rəsmiləri belə deyir” və ya “İran bu hadisənin baş verdiyini bildirir” formasında olsaydı, oxucular həmin şəxslərin doğru danışıb-danışmadığını özləri qiymətləndirə bilərdilər. Amma bizim qarşımızda olan xəbərdə “kimsə belə deyib” ifadəsindən başqa heç nə yoxdur. Mən düşünmürəm ki, xüsusilə insanların həlak ola biləcəyi bir vəziyyətdə “bu məlumatı eşitmişəm” deməyiniz sizi birinci düzəlişin müdafiəsi (ABŞ Konstitusiyasına edilmiş birinci düzəliş bir çox azadlığı, o cümlədən söz və mətbuat azadlığını məhdudlaşdıran qanunlar qəbul etməyi yasaqlayır – red.) altına salmalıdır”.
“Xəbərin Azərbaycan hökumətinə vurduğu zərəri dollar ifadəsində hesablamaq mümkündürmü” sualını vəkil belə cavablandırıb: “Biz hələlik zərərin məbləği ilə bağlı qiymətləndirmə aparmamışıq. Açığı, iş irəlilədikcə zərərin nə qədər olacağı da aydın deyil. Beynəlxalq münasibətlər baxımından zərər isə çox böyük olub. Açığı, CNN-dən dəfələrlə, o cümlədən məhkəməyə təqdim etdiyimiz şikayətdə sadəcə məqaləni geri götürmələrini tələb etmişik. İndiyədək buna ya susmaqla, ya da müqavimət göstərməklə cavab verilib”.









