Ali Məhkəmədə psixi xəstəlikdən əziyyət çəkən qadını öldürməkdə, ona qarşı zor tətbiq etməklə zorlamağa cəhd göstərməkdə və quldurluq etməkdə təqsirləndirilən Fərman Dəmirovun barəsindəki qərardan verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Fərman Dəmirov xüsusi amansızlıqla, zorlama və quldurluqla əlaqədar, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Xaçmaz şəhər sakini, zərərçəkmiş Mafizə Şirinbalayevanı qəsdən öldürüb.
Bundan başqa, onun xüsusi amansızlıqla zorlamağa cəhd etdiyi, yaşayış sahəsinə qanunsuz daxil olaraq silah qismində istifadə edilən əşyadan yararlanmaqla quldurluq etdiyi, habelə zərərçəkmiş şəxsin şəxsiyyət vəsiqəsini talayıb gizlətdiyi bildirilir.
İttiham materiallarına əsasən, hadisə 23 oktyabr 2023-cü ildə saat 11:24-dən 12:36-dək Xaçmaz şəhəri, Asif Cəbrayılov küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, Fərman Dəmirov “şizofreniya, paranoid forma” diaqnozu ilə psixi xəstəlikdən əziyyət çəkən Mafizə Şirinbalayevanın köməksiz vəziyyətindən istifadə edərək onun evinə qanunsuz daxil olub. Təqsirləndirilən şəxs qadını quldurluqla əlaqədar öldürmək və ona zor tətbiq etməklə cinsi əlaqəyə girmək məqsədilə evdə olan dəmir əşyanı silah qismində istifadə edib. O, həmin əşya ilə zərərçəkmişin baş nahiyəsinə zərbə vuraraq onu yerə yıxıb. Daha sonra üzərində olan kəsici-deşici alətdən istifadə etməklə qadının boyun nahiyəsinə xəsarətlər yetirib.
Məhkəmə-istintaq materiallarında göstərilib ki, qadın aldığı xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmədən ölüb.
Sonra Fərman Dəmirov cinayət əməllərini davam etdirərək qadının üzərində olan geyimləri çıxarıb və onunla cinsi əlaqəyə girməyə cəhd edib. Lakin təqsirləndirilən şəxs müəyyən səbəbdən qadınla cinsi əlaqədə ola bilməyib.
Beləliklə, Fərman Dəmirov Mafizə Şirinbalayevanın köməksiz vəziyyətindən istifadə etməklə və zor tətbiq etməklə xüsusi amansızlıqla zorlamağa cəhd edib.
Bundan başqa, ittiham materiallarında Fərman Dəmirovun evdən zərərçəkmiş şəxsə məxsus əşyaları götürdüyü də qeyd olunur.
O, içərisində 100 manat pul, şəxsiyyət vəsiqəsi, 0,40 manat dəyərində bonus kartı və 5 manat dəyərində “Kapital Bank” plastik bank kartı olan pul kisəsini, həmçinin 9 manat dəyərində üç ədəd açarı və ümumi dəyəri 12 manat olan üç ədəd “Modi” markalı LED işığı götürüb. Həmin əmlakların ələ keçirilməsi ilə Mafizə Şirinbalayevaya maddi ziyan vurulub.
Sonra Fərman Dəmirov evdən çıxarkən giriş qapısını açarla bağlayaraq hadisə yerini tərk edib.
İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini ört-basdır etmək məqsədilə zərərçəkmiş qadının şəxsiyyət vəsiqəsini də özü ilə aparıb. O, şəxsiyyət vəsiqəsini Xaçmaz şəhəri, S.Ələskərov küçəsində yerləşən fərdi yaşayış evinin giriş darvazasının qarşısında yığılmış qumda basdıraraq gizlədib.
Bu hərəkətlər nəticəsində Fərman Dəmirov xüsusi amansızlıqla, zorlama və quldurluqla əlaqədar köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmək, xüsusi amansızlıqla zorlamağa cəhd etmək, yaşayış sahəsinə qanunsuz daxil olmaqla və silah qismində istifadə edilən əşyadan yararlanmaqla quldurluq etmək, habelə rəsmi sənədi gizlətmək və şəxsiyyət vəsiqəsini talamaq əməllərini törədib.
Hadisəni törədən şəxs 6 ay sonra saxlanılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərman Dəmirov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən məhkum və onun müdafiəçisi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra Fərman Dəmirov və müdafiəçisi qərardan kassasiya şikayəti veriblər. Kassasiya şikayətlərində apellyasiya instansiyasının qərarının ləğv edilməsi, məhkumun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunub.
Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: Fərman Dəmirov mərhumun evinin yaxınlığında tikintidə fəhlə işləyir imiş.









