Baş nazir Nikol Paşinyanın erməni katolikosu, keçmiş prezidentlər, hərbi cinayətkarlar Robert Köçəryan və Serj Sarkisyanı həbsxanaya doğru sürükləməsi həm də Azərbaycanla yekun sülh sazişinin önünü açmaq məqsədi daşıyır... Çünki Kremlin bu xidmətçiləri sıradan çıxarıldıqdan sonra Ermənistanda konstitusiya referendumu daha qısa müddətdə keçirilərək, Azərbaycana qarşı ərazi iddiaları ifadə edən müddəalar ləğv edilə bilər...
Ermənistanda və eləcə də, bu ölkənin ətrafında olduqca kəskin siyasi proseslər cərəyan edir. Belə ki, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə yaxınlaşdırma prosesini daha konkret pozitiv nəticələr ilə yekunlaşdırmağa çalışır. Və indiki mərhələdə bu, rəsmi İrəvan üçün kifayət qədər qəliz hədəf kimi görünür.
Məsələ ondadır ki, bu hədəfə çatmaq üçün Paşinyan hakimiyyəti çoxvektorlu kombinasiyalar istifadə etmək məcburiyyətindədir. Belə ki, Kreml Ermənistanı Qərbə buraxmaq niyyətində olmadığını qətiyyən gizlətmir. Ona görə də, Rusiya hazırda Ermənistana qarşı sahib olduğu bütün əngəlləyici mexanizmlərdən yararlanmağa çalışır. Və Kremlin əlində olan həmin təzyiq mexanizmləri kifayət qədər güclü təsir effektinə malikdir.
Rusiyanın Ermənistana qarşı açdığı "iqtisadi savaş" rəsmi İrəvan üçün "qaranlıq labirint" vəd edir. Halbuki, Kreml bununla kifayətlənmək niyyətində deyil. Belə ki, Rusiya Ermənistanı həm də mövcud təhlükəsizlik sistemindən də kənarlaşdırmağa hazırlaşır. Halbuki, rəsmi İrəvan bundan qətiyyən məyus deyil. Əksinə, Paşinyan hakimiyyəti Ermənistanın KTMT-dan çıxarılmasını böyük səbirsizliklə gözlədiyini açıq şəkildə biruzə verir.
Ancaq bütün bunlar Ermənistan üçün kifayət qədər ciddi hərbi-strateji risklər də yarada bilər. Çünki rəsmi İrəvan KTMT-ya alternativ təhlükəsizlik sisteminə malik deyil. Üstəlik, Rusiya bu prosesi Ermənistan üçün real hərbi-siyasi kataklizmlərə çevirmək planlarını da işə salmış kimi görünür. Və həm Rusiya siyasi dairələrindən, həm də Ermənistanındakı Kremlin aventura şəbəkəsindən verilən açıqlamalarda bu ölkənin sülhməramlı qüvvələrə ehtiyacı olduğu xüsusilə vurğulanır.
Belə anlaşılır ki, Kreml həm Ermənistan daxilində, həm də Azərbaycanla sərhəd bölgəsində hərbi təxribatların törədilməsinə cəhd göstərə bilər. Əgər, buna nail olarsa, Rusiya hələlik mövcud olan hərbi müttəfiqlik münasibətlərini bəhanə edərək, Ermənistana "KTMT-nın sülhməramlı qüvvələri" adı altında qoşun yeridə biləcəyi qətiyyən istisna deyil. Və rəsmi İrəvanın Kremldə belə planların nəzərdən keçirilməsindən artıq duyuq düşdüyü də müşahidə olunur.
Maraqlıdır ki, baş nazir Nikol Paşinyan bu məsələyə olduqca konkret və sərt reaksiya verib. Erməni baş nazir açıq mətnlə bildirib ki, Ermənistanın nə Rusiyanın, nə də hər hansı başqa ölkənin hərbi dəstəyinə, yaxud sülhməramlı qüvvələrinə ehtiyacı yoxdur. Çünki Azərbaycan və Ermənistan arasında artıq real sülh vəziyyəti mövcuddur. Üstəlik, baş nazir Nikol Paşinyan hesab edir ki, iki ölkə arasında sülhün təmin olunması baxımından, Azərbaycan və Ermənistanın xalqları ən etibarlı sülhməramlı qüvvə rolunu oynayır.
Göründüyü kimi, erməni baş nazir kifayət qədər aydın və prinsipial mövqe tutur. Rusiyaya "Azərbaycan və Ermənistan arasındakı sülh prosesindən uzaq dur" mesajı verir. Cənubi Qafqazda sülh və sabitlik üçün Rusiyaya ehtiyacın olmadığına eyham vurur. Və bununla da yaxın gələcək üçün Ermənistanın artıq prinsipial geopolitik seçim etdiyini qabardır.
Təbii ki, Paşinyan hakimiyyəti Ermənistanın bu prinsipial geopolitik seçimini pozitiv nəticələrə yönəltmək üçün müəyyən priventiv addımların atılmasının vacibliyini də anlayır. Bu baxımdan, son vaxtlar baş nazir Nikol Paşinyanın Ermənistan daxilində apardığı "siyasi təmizlik" də həmin priventiv addımların tərkib hissəsi hesab oluna bilər. Və bu, uğurlu nəticələr verəcəyi təqdirdə, Ermənistanın həm Rusiyanın orbitindən qopmaq, həm də Azərbaycanla yekun sülh sazişini problemsiz imzalamaq şansı qazana biləcəyi qətiyyən istisna deyil.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Rusiyanın Ermənistandakı aventura şəbəkəsinı sıradan çıxartmadan bütün bunlara nail olmağın çətinliyini anlayır. Ona görə də, Kremlə bağlı erməni kilsəsi və Rusiyanın maraqlarına xidmət edən "Qarabağ klanı"nı Ermənistanın siyasi-ictimai səhnəsindən "təmizləməyə" çalışır. Erməni kilsəsinin katolikosuna cinayət işi artıq açılıb və onun ölkədən çıxışına da qadağa qoyulub.
İndi Ermənistanın keçmiş prezidentləri, hərbi cinayətkarlar Robert Köçəryan və Serj Sarkisyan hədəfə alınıb. Bu iki hərbi cinayətkara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət əmlakının mənimsənilməsi, korrupsiya və s. maddələr ilə ittihamlar irəli sürülüb, cinayət işi açılıb. Yəni, baş nazir Nikol Paşinyan Rusiyanın maraqlarını təmsil edən bu iki hərbi cinayətkarı və onların yaxın ətrafını ən qısa müddətdə həbsxana barmaqlıqları arxasında gizlətmək niyyətində olduğunu biruzə verir.
Onu da qeyd etmək lazımdır ki, Rusiyanın aventura şəbəkəsinın sıradan çıxarılması iki əsas hədəfin reallaşdırılması baxımından, Paşinyan hakimiyyəti üçün olduqca vacibdir. Belə ki, bu şəxslər və onların yaxın ətrafı tamamilə sıradan çıxarılmadan Rusiyanın Ermənistana müdaxilə mexanizmlərini bloklamaq demək olar, mümkün deyil. Və bu aventura şəbəkəsi sıradan çıxarılarsa, Ermənistanın Qərbə yaxınlaşma kursu daha sürətlə inkişaf edə bilər.
Digər tərəfdən, Rusiya Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına əngəl törətməyə çalışır. Erməni kilsəsi, "Qarabağ klanı" və onların liderləri bu məsələdə Kremlin təlimatları ilə hərəkət edirlər. Xüsusilə də, Rusiyanın bu aventura şəbəkəsi Kremlin təlimatları ilə Ermənistanda konstitusiya dəyişikliyinə yönəlik referendumun keçirilməsinə əngəl törədir. Yəni, bu şəbəkə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlik prosesi ləngitməyə çalışır.
Bütün bunları nəzərə aldıqda, baş nazir Nikol Paşinyanın erməni katolikosu, keçmiş prezidentlər, hərbi cinayətkarlar Robert Köçəryan və Serj Sarkisyanı həbsxanaya doğru sürükləməsi həm də Azərbaycanla yekun sülh sazişinin önünü açmaq məqsədi daşıyır. Çünki Kremlin bu xidmətçiləri sıradan çıxarıldıqdan sonra konstitusiya referendumu daha qısa müddətdə keçirilərək, Azərbaycana qarşı ərazi iddiaları ifadə edən müddəalar ləğv edilə bilər. Və Azərbaycanla yekun sülh sazişinin imzalanması qarşısında da hər hansı ciddi əngəl qalmaz.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"









