Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi hazırda tam gücü ilə fəaliyyət göstərmir.
Yeniavaz.com xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında Nəqliyyat Dəhlizi Tədqiqat Mərkəzinin direktoru Paata Tsaqareişvili bildirib.
Onun sözlərinə görə, layihənin mövcud vəziyyəti dəyişkəndir və hazırda maliyyə baxımından səmərəli deyil: “Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükdaşıma gücü 2 milyon tondur. Lakin hazırda bu imkanın yalnız 5-10 faizindən istifadə olunur”.
Ekspert bildirib ki, layihənin xərclərini ödəməsi üçün ildə ən azı 1 milyon 200 min ton yük daşınmalıdır. Onun fikrincə, dəmir yolunun lazımi yük axınına çatması üçün ən azı 3-5 il vaxt lazım olacaq.
Tsaqareişvili qeyd edib ki, Bakı-Tbilisi-Qars xəttində ən yüksək yükdaşıma göstəricisi 2021-ci ildə qeydə alınıb: “Həmin il 429 min ton yük daşınıb. Sonrakı illərdə isə yük həcmi azalıb”.
Ekspert layihənin maliyyə öhdəliklərinin də problem yaratdığını bildirib.
Onun sözlərinə görə, müqaviləyə əsasən, Gürcüstan Azərbaycandan aldığı krediti geri qaytarmalıdır: “Bu ödəniş isə layihənin mənfəəti hesabına həyata keçirilməlidir. Layihə zərərlə işlədiyi halda yaranan maliyyə itkisinin kim tərəfindən qarşılanacağı əsas suallardan biridir. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu yeni rəqabətlə də üzləşir. Türkiyə Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin tikintisinə başlayıb. 244 kilometr uzunluğunda olacaq bu xətt Azərbaycanla Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsini təmin edəcək”.
Ekspert Qars-Gümrü istiqamətinin də gələcəkdə Bakı-Tbilisi-Qars xəttinə rəqib ola biləcəyini bildirib. Tsaqareişvili hesab edir ki, yük axınının artırılması üçün yeni mexanizmlər tətbiq edilməlidir. O, Türkiyənin Orta Asiyaya gedən yüklər üçün Bakı-Tbilisi-Qars marşrutunda 33 faiz endirim tətbiq etməsini müsbət addım kimi qiymətləndirib: “Bu cür güzəştlər yeni yük axınının yaranmasına kömək edə bilər.
Bakı-Tbilisi-Qars layihəsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Layihəyə indiyədək təxminən 900 milyon dollar vəsait xərclənib. Bu vəsaitin səmərəli istifadəsi üçün dəmir yolu xəttinin sabit və proqnozlaşdırılan yük axınına malik olması vacibdir. Layihə Türkiyə üçün də əhəmiyyətlidir. Son iki ildə Qarsda buğda və taxıl emalı üçün böyük logistika mərkəzi yaradılıb. Buna görə də yük axınının artırılması həm Azərbaycan, həm də Türkiyə üçün vacibdir”.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 30 oktyabr 2017-ci ildə sınaq rejimində istifadəyə verilib. Layihə çərçivəsində 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolu inşa edilib. Bunun 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçir.
Bundan başqa, Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi dəmir yolu hissəsi yenidən qurulub. Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 827 kilometrdir.












