Bakının "Sabah" futbol klubunun İsrailin Beer-Şeva təmsilçisi olan "Hapoel" komandası ilə qarşıdurmadakı qələbəsi və Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması İsrailin aparıcı xəbər platformaları tərəfindən geniş işıqlandırılıb.
"Report" İsrail mediasının dünən Bakıda komandalar arasında baş tutmuş oyunu necə işıqlandırmasına dair daycest hazırlayıb.
İsrailin ən böyük xəbər saytlarından biri olan "Ynet" "Hapoel"in məğlubiyyətini "ağrılı" adlandırıb.
"Böyük xəyal ən son anda və ən ağrılı şəkildə puç oldu: "Hapoel"i Çempionlar Liqasının əsas mərhələsinə tarixi vəsiqə qazanmasından təxminən 10 saniyə vaxt ayırırdı. İsrail çempionu ilk görüşdən sonra 2:1 hesablı üstünlüklə Azərbaycana cavab oyununa gəlmişdi və iki dəfə önə keçmişdi, lakin 94-cü dəqiqədə buraxılan top oyunu əlavə vaxta daşıdı. Orada komanda daha iki dəfə qol buraxdı, iki qırmızı vərəqə aldı və yekunda "Sabah"a 2:5 hesabı ilə məğlub oldu", - portal qeyd edir.
Nəşr Azərbaycan komandası ilə qarşıdurma ilə bağlı yazır: "Bu, "Hapoel"in Çempionlar Liqasının əsas mərhələsinə çata bilmədiyi artıq üçüncü və bəlkə də, ən ağrılı haldır".
"Meydan sahibləri ("Sabah" - red.) ilk matçdakı məğlubiyyətdən sonra hesabı bərabərləşdirdilər, əlavə vaxtı oynadılar, daha sonra isə İsrail klubuna 6-4 hesabı ilə qalib gəldilər", - qəzet qeyd edir.
İsrailin ən qədim və tanınmış qəzetlərindən biri olan "Haaretz" də "Hapoel"in Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansını əldən verdiyini vurğulayıb.
"Azərbaycan çempionu "Sabah"la ilk matçdan sonra 2:1 üstünlüyə malik olan "Hapoel" bilirdi ki, növbəti mərhələyə keçmək, pley-off mərhələsini adlamaq üçün uduzmamaq (Bakıda - red.) kifayət idi", - qəzet qeyd edir.
"Qalan vaxtda "Hapoel" hesabı qorumağa üstünlük verdi. Martsiano Ofirin yaxşı oyunu (qapıçı - red.) komandanı bir neçə dəfə xilas etdi. Lakin "Sabah" kembek etdi və oyunun əsas vaxtının son saniyələrində hesabı 3:2 etdi", - "Haaretz"də qeyd ediblər.
"Nəticədə "Hapoel" növbəti dəfə yalnız Avropa Liqasında oynamaqla kifayətlənmək məcburiyyətində qaldı", - nəşr vurğulayır.
İdman portallarından biri - sport1.maariv də Bakıdakı matçı "paramparça olmuş arzular" adlandırıb.











