Azərbaycanın voleybol millisinin kapitanı Ayşən Abduləzimovanın açıqlaması sosial mediada və idman ictimaiyyətində müzakirələrə səbəb olub. İddia edilir ki, o, əvvəlcə insanların voleybolu yetərincə bilmədiyini deyib, lakin sonra bu fikirlərini jurnalistlərə ünvanladığını iddia edib. Kapitanın ziddiyyətli açıqlaması narazılıq doğurub.
Globalinfo.az-a danışan idman eksperti Kənan Məstəliyev deyib ki, Ayşən Abduləzimovanın səsləndirilən kiçik tənqidlərə belə reaksiya verməsi anlaşılmazdır:
“Ayşən xanımın uğurlu karyerası olub, xüsusilə də fərdi olaraq ciddi uğurlar qazanıb. Lakin milli komandanın kapitanı kimi bu cür açıqlamalar verməsi doğru deyil. Onun rəhbərlik etdiyi komanda nə təhqir olunub, nə də aşağılanıb. Sadəcə, komandanın matçlardakı çıxışı ilə bağlı müəyyən tənqidlər səsləndirilib. Məsələn, ilk matçda İspaniya üzərində 3:0 hesablı qələbə qazanılmasına baxmayaraq, komandada müəyyən səhvlərin olduğu bildirilib və həmin səhvlərin qarşıdakı oyunlarda təkrarlanacağı təqdirdə bunun uğursuzluğa gətirib çıxara biləcəyi qeyd olunub. Bundan artıq hər hansı ciddi irad və ya başqa bir yanaşma olmayıb. Belə tənqidlərə bu formada reaksiya vermək, düzgün deyil və qeyri-peşəkar yanaşmadır. Xüsusilə də milli komandanın kapitanının belə davranması doğru görünmür”.
K.Məstəliyevin fikrincə, Ayşən Abduləzimova bu cür məsələlərə cavabı ilk növbədə öz oyunu ilə verməlidir:
“Komandasına qələbələri ilə töhfə verməli, enerjisini meydandan kənardakı müzakirələrə deyil, meydandakı mübarizəyə sərf etməlidir. Tənqidə cavab verməyin ən yaxşı yolu meydanda nəticə göstərməkdir. Həm də ortada hələ böyük bir uğur yoxdur ki, biz bu məsələyə böyük təhlillərlə yanaşaq. İstər Portuqaliya, istər İspaniya, istərsə də son anda çətinliklə 3:0 hesabı ilə məğlub edilən Rumıniya böyük voleybol ölkələri deyil. Bu komandalar üzərində qazanılan qələbələr, əlbəttə, müsbət nəticələrdir, amma onları böyük uğur kimi təqdim etmək də doğru olmaz. Qarşıdakı matçlarda daha ciddi rəqiblər olacaq. Məsələn, Polşa və ya Almaniya ilə oyunlarda komanda qələbə qazanarsa, artıq burada daha ciddi uğurdan danışmaq mümkün olacaq. Ona görə də açıqlamalarda daha diqqətli olmaq lazımdır. Əsas olan işi meydanda görməkdir. Meydandan kənardakı müzakirələrə enerji sərf etməkdənsə, həmin enerjini oyunlara və qələbələrə yönəltmək daha doğru yanaşmadır”.

















