Moskvada fəaliyyət göstərdiyi bir neçə il ərzində Rusiya ilə bağlı məsələlərə münasibətdə adətən olduqca ehtiyatlı və diplomatik mövqe sərgiləyən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev ilk dəfə olaraq Azərbaycana qarşı bu ölkədə formalaşan əhval-ruhiyyə ilə bağlı açıqlamalarında qeyri-adi sərt mövqe nümayiş etdirib.
Diplomatımız Rusiyanın RTVİ telekanalının Bakı ilə Moskva arasındakı münasibətlərə dair suallarını cavablandırıb.
Mustafayev ilk növbədə bildirib ki, Bakı Moskva ilə ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında daha da inkişaf etdirilməsində maraqlıdır. “Bu mövqe ölkə prezidentinin martın 11-də və iyulun 28-də Rusiya prezidenti ilə keçirdiyi telefon danışıqları zamanı da təsdiqlənib.
Lakin 2022-ci il fevralın 22-də imzalanmış və müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsini nəzərdə tutan, əlaqələrimizin əsasını təşkil edən Bəyannamənin müddəalarının həyata keçirilməsi bəzi rusiyalı ekspertlər, bloqqerlər və jurnalistlər tərəfindən sosial şəbəkələrdə və KİV-lərdə Azərbaycana qarşı məqsədyönlü şəkildə formalaşdırılan son dərəcə mənfi informasiya fonunda çətinləşir.
Bu gün Rusiyanın ən azı 96 xəbər portalı, Telegram və YouTube kanalı, eləcə də çoxmilyonlu auditoriyaya malik digər KİV-lər müxtəlif dövrlərdə Azərbaycanı Rusiyaya “dost olmayan” dövlət kimi təqdim edən tezisləri yayır və bu rəqəm hər gün artır.
Diplomatik kanallar vasitəsilə ölkəmizə, xalqımıza və rəhbərliyimizə qarşı səsləndirilən, strateji tərəfdaşlığımıza və müttəfiqlik münasibətlərimizə zərər vuran təhqiramiz və təxribat xarakterli bəyanatlarla bağlı konkret faktları Rusiya tərəfinin diqqətinə çatdırmışıq. Bu vəziyyəti tamamilə qeyri-normal və qəbuledilməz hesab edirik. Moskvanın prinsipial reaksiya göstərəcəyinə və vəziyyətin düzəldilməsi üçün konkret addımlar atacağına ümid edirik”, – azərbaycanlı diplomat bildirib.
Maraqlıdır, adətən Rusiya ilə münasibətlərdə yumşaq mövqe sərgiləyən səfirin ritorikasının belə sərtləşməsi nə ilə bağlı ola bilər? Onun bundan əvvəl belə mövqe nümayiş etdirməsi ilə bağlı (ən azı, ictimai müstəvidə) faktı yada salma mümkün deyil. Bu ritorika bizə, qonşularımıza və Rusiya rəhbərliyinə hansı mesaj verir?
Tanınmış rusiyalı politoloq, “Poistine” portalının baş redaktoru Ruslan Aysin Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Moskvanın Azərbaycana münasibətdə adekvat davranmadığı və hər vəchlə düşmən mövqe nümayiş etdirdiyi açıq-aydın görünür. Bu isə təbii olaraq Bakının narazılığına səbəb olur. “Bununla belə, Rusiya tərəfi hər dəfə təhqiramiz və döyüşkən bəyanatları, şantaj və təhdidləri təkrarlamayacağına söz verir. Lakin vəziyyət dəfələrlə əvvəlki məcrasına qayıdır. Azərbaycan müxtəlif kanallarla – həm diplomatik, həm də qeyri-rəsmi yollarla Moskvaya dəfələrlə xəbərdarlıq edib. Prezident İlham Əliyev də bu barədə dəfələrlə danışıb. Lakin Moskvadakı “qaynar başlar” bunları nəzərə almır və Bakının səsini eşitmirlər.
Görünür, buna görə Bakıda Moskva ilə münasibətlərdə daha sərt ritorikaya və siyasətə keçməyin zəruri olduğu qənaətinə gəlinib. Məsələ ondadır ki, Moskva Azərbaycanı aqressiv və düşmən dövlət kimi təqdim etməyə çalışır. Halbuki Bakı Rusiyaya qarşı heç bir təcavüz nümayiş etdirməyib, ona hörmətsizlik göstərməyib və Rusiyanın ərazilərinə iddia etməyib. Buna baxmayaraq, Rusiya rəhbərliyi, görünür, hər şeyin Sovet İttifaqı dövrünün reallıqlarına qayıtmalı olduğunu, Bakının Moskvaya tabe olaraq onun istəklərini yerinə yetirməli olduğunu düşünür. Halbuki Azərbaycan artıq 35 ildir müstəqil dövlətdir”, – ekspert xatırladıb.
Onun fikrincə, məhz bu səbəbdən Azərbaycanın Rusiyadakı səfirinin çıxışını kifayət qədər sərt və praqmatik siyasətin ortaya qoyulması kimi qəbul etmək lazımdır. “Azərbaycan ölkəyə və onun hakimiyyət rəmzlərinə qarşı bu cür təhqirlərə dözməyəcək. Görünür, Rusiya rəhbərliyi bu siqnalı eşidib, amma onu düzgün şərh edə biləcəyinə zəmanət yoxdur.
Lakin vacib olan odur ki, Azərbaycan öz mövqeyini açıq şəkildə bəyan edib.
Burada hadisələrin cərəyan etdiyi ümumi fonu da nəzərə almaq vacibdir. Qara dənizdə vəziyyətin inkişafı səbəbindən bu fon son dərəcə qeyri-sabit olaraq qalır. Rusiya ilə Ukrayna arasında müharibənin necə sürətlə davam etdiyini görürük. İranın da prosesə cəlb olunduğu Xəzər dənizində vəziyyət isə Rusiyanın bu və ya digər şəkildə Ukrayna ərazisinə zərbələr endirmək üçün həmin regiondan istifadə etməsi səbəbindən daha da mürəkkəbləşir. Məlum olduğu kimi, Ukrayna da İranın hərbi gəmilərinə zərbə endirmək üçün öz silahlı qüvvələrindən istifadə edib. Beləliklə, Xəzərdəki vəziyyət də bu siyasi kataklizmin bir hissəsinə çevrilə bilər. Belə bir fonda Moskva Azərbaycana təzyiqi gücləndirmək və ola bilsin ki, iri miqyaslı təxribat təşkil etmək üçün sadəcə bəhanə axtarır”, – Aysin bədbin qənaətlə çıxış edib.
Rauf Orucov


















