Veysəloğlu Şirkətlər Qrupunun həmtəsisçisi olduğu və 2026-cı ilin ölkə çempionu olan Milli Aviasiya Akademiyasının (MAA) qadınlardan ibarət U-18 voleybol komandası ADA Universitetinin qonağı olub.
Səfər çərçivəsində gənc voleybolçular üçün universitetlə tanışlıq məqsədilə infotur təşkil edilib. Daha sonra ADA Universitetinin əməkdaşı Günel Muxtarova iştirakçılara ali təhsil ocağı barədə ətraflı təqdimat edib.
Tədbirdə iştirak edən Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti Direktoru Məhəmmədəli Qəribli çıxışı zamanı ADA Universitetinin ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olduğunu vurğulayıb. O, gənclər üçün yaradılan yüksək təhsil və inkişaf mühitini xüsusi qeyd edərək, göstərilən qonaqpərvərliyə və yaradılan şəraitə görə ADA Universitetinin rəhbərliyinə təşəkkürünü çatdırıb.
Tədbirin davamında MAA-nın U-18 komandası ilə ADA Universitetinin voleybol komandası arasında yoldaşlıq oyunu keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma MAA komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun sonunda qalib komanda tərəfindən ADA Universitetinin voleybolçularına bütün oyunçuların imzası olan voleybol topu hədiyyə edilib.









