“Regional Su Meliorasiya Xidməti” Publik Hüquqi Şəxsi tərəfindən məişət su sayğaclarının quraşdırılması üçün polad boru və mal-materialların satın alınması üzrə təşkil edilən açıq tenderin nəticələri rəsmiləşib.
Faktum.az xəbər verir ki, müqavilə məbləği 108.978,43 AZN təşkil edən satınalmanın qalibi VÖEN-i 1405435321 olan “TEXNOLOG” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Lakin satınalma prosesinin rəsmi göstəricilərində diqqət çəkən və müəyyən suallar doğuran sətiraltı məqamlar mövcuddur.
Hər nə qədər prosedura “açıq tender” adı altında keçirilsə də, layihənin başlama tarixi kimi 31 avqust 2026-cı il, satınalma nəticələrinin rəsmi dərc edilmə tarixi kimi isə 2 sentyabr 2026-cı il qeyd olunub.
Qalib şirkətin rəsmi elandan iki gün əvvəl işlərə başlaması və ya müqavilənin xidmət müddətinin geriyə şamil edilməsi tenderin şəffaflığı və prosedurların ardıcıllığı baxımından şübhəli məqamlar yaradır. Bu hal işlərin artıq əvvəlcədən görüldüyü və ya qalibin tender elanından öncə müəyyənləşdirildiyi ehtimallarını gündəmə gətirir. İşlərin icra müddətinin 29 noyabr 2026-cı il tarixinədək müəyyən edilməsi isə 108 min manatdan çox vəsaitin ayrıldığı mal-materialların tədarükü və sayğaclaşdırma prosesinin hansı effektivliklə və nəzarətlə həyata keçiriləcəyi sualını açıq saxlayır.






