Avropa İttifaqında 2024-cü ildə dövlət investisiyalarının 42.8%-i yerli hökumətlərin, yəni bələdiyyələrin payına düşüb. Belə ki, ümumi dövlət investisiyası €658.8 milyard təşkil edib. Bunun €281.9 milyardı birbaşa yerli səviyyədə reallaşdırılıb. Yəni yolların, məktəblərin, xəstəxanaların, kommunal və rəqəmsal infrastrukturun əhəmiyyətli hissəsi mərkəzi hökumət yox, məhz yerli qurumlar tərəfindən qurulur.
Bu göstərici ölkələr üzrə ciddi fərqlənir. Məsələn, Malta (2.5%), Kipr (15.9%) və Macarıstanda (18.4%) investisiyalar əsasən mərkəzi hökumət tərəfindən idarə olunur. Digər tərəfdən Finlandiya (56.9%), Fransa (53.5%), Niderland (51.5%) və İsveçdə (50.5%) yerli hökumətlər əsas investor rolunu oynayır.
Almaniya, Sloveniya və Lüksemburq kimi ölkələr isə daha balanslı model tətbiq edir – burada investisiya məsuliyyəti mərkəzi və yerli səviyyələr arasında bölüşdürülür.
Son 10 ildə də maraqlı dinamika müşahidə olunur: yerli investisiyaların ÜDM-də payı 2014-cü ildə 1.4% olduğu halda, 2024-cü ildə 1.6%-ə yüksəlib. Bu isə Avropada desentralizasiyanın tədricən gücləndiyini göstərir.
Əsas nəticə sadədir: güclü yerli hökumətlər olmadan effektiv inkişaf mümkün deyil. Xüsusilə yaşıl keçid, rəqəmsallaşma və sosial infrastruktur kimi sahələrdə real icra məhz yerli səviyyədə baş verir. Yerli problemi yerli hakimiyyətdən yaxşı heç kim bilməz. Bu məlumatların Azərbaycan üçün önəmi budur ki, bizdə də bələdiyyələrin səlahiyyətləri və maliyyə imkanları artırılmalı, dövlət investisiyasında onların rolu görünməlidir. Bu məlumat həm də "bizim kifayət qədər səlahiyyətimiz var" deyən bələdiyyə sədrləri üçündür.
Aşağıdakı cədvəldə ölkələr üzrə yerli hakimiyyətlərin investisiya töhfəsi barədə məlumatları görmək olar...
Müəllif: Samir Əliyev - Mənbə: "DİA-AZ"









