Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən Siyəzən şəhərinin şəhərdaxili yollarının əsaslı təmir edilməsi məqsədilə elan olunmuş irimiqyaslı tender müsabiqəsi rəsmən ləğv edilib.
32gun.az yazır ki, Ümumi ehtimal olunan qiyməti 212.888,47 AZN təşkil edən və şəhər infrastrukturunun yenilənməsi üçün böyük əhəmiyyət kəsb edən bu satınalmanın dayandırılmasına səbəb qanunvericiliyin tələbləri olub.
Dövlət satınalmaları haqqında qanunun müvafiq bəndinə əsasən, müsabiqədə iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş, həmçinin tələb olunan xüsusi lisenziya və ya icazəyə malik olan şirkətlərin (təchizatçıların) sayının üçdən az olması tenderin ləğv edilməsi ilə nəticələnib. Şəhər yollarının əsaslı təmiri layihəsinin qanunvericiliyin rəqabət prinsiplərinə uyğun olaraq gələcəkdə yenidən müsabiqəyə çıxarılacağı gözlənilir.








