Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Tramp marşrutu”nun əleyhinə çıxıb. Jurnalistlərin suallarını cavablandıran Köçəryan deyib:
“Trampın nə düşündüyünü kim bilir? Heç bir fikrim yoxdur. Düşünmürəm ki, bu, yaxşı və ya pis layihədir. Sadəcə, işləməyəcək. Sual budur ki, mümkün olsun. Ermənistanın bundan faydalana biləcəyini düşünmürəm.
Bu, Ermənistan üçün bir layihə deyil. Bu, Türkiyənin və Azərbaycanın onları Mərkəzi asiya ilə birləşdirməsi üçün layihəsidir”,- deyə Köçəryan bildirib.
Qeyd edək ki, Köçəryan Zəngəzur dəhlizinin əleyhinə olduğunu dəfələrlə bəyan edib. Azərbaycan və Ermənistan liderlərinin 2025-ci il avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”nun yaradılması barədə razılaşma imzalamasından sonra Köçəryan bir neçə dəfə bu layihənin əhəmiyyətsiz olduğuna dair iddialarla çıxış edib. O, “Tramp marşutu”nun Ermənistan üçün heç bir faydası olmadığını deyib.
Robert Köçəryan növbəti dəfə bu fikirləri təkrarlamaqla əslində iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində hakimiyyətə gələcəyi təqdirdə, Vaşinqton Bəyannaməsindən və Azərbaycanla paraflanmış sülh sazişindən imtina edəcəyini demək istəyir.
Eks-prezident revanşist kursa sadiq qaldığını, yəni Azərbaycanla və Türkiyə ilə düşmənçilik siyasətini davam etdirəcəyinə işarə edir. Hətta Köçəryan regiondakı hazırkı mövcud status-kvonu dəyişmək üçün lazım gələrsə, Azərbaycana qarşı ərazi iddiaları ilə müharibəyə başlamaq niyyətini gizlətmir.
Robert Köçəryanın digər mesajı Rusiyaya və İrana ünvanlanıb. O, hakimiyyətə gələrsə, Rusiyanın və İranın strateji maraqlarına uyğun addım ataraq “Tramp marşrutu”nun açılmasına imkan verməyəcəyini demək istəyir. Yəni Köçəryanın açıqlaması Rusiyadan seçkilərdə siyasi dəstək almağa hesablanıb.
Bu isə seçkilər ərəfəsində Ermənistan üzərində ABŞ və Rusiya arasında geosiyasi qarşıdurmanın daha da güclənməsindən xəbər verir. Paralel olaraq, Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasətini özünün regiondakı maraqlarına təhlükə hesab edir.
Mosva bəyan edir ki, həm “Tramp marşrutu”nun açılması, həm də Ermənistanın Avropa İttifaqına üzvlüyü Avrasiya İqtisadi Birliyinin dağılmasına gətirib çıxara bilər.
Seçkilərdə Nikol Paşinyanın təkrar qalib gəlməsi Ermənistanın Qərbə yaxınlaşmasını sürətləndirən amilə çevriləcək. Köçəryanın çıxışı bu prosesin qarşısını almaq cəhdidir.
Müşfiq Abdulla
“Cebheinfo.az”








