
"50 min orta və ibtidai məktəb müəlliminin ixtisarı həqiqətənmi zərurətə çevrilir, yoxsa hakim Yeni Azərbaycan Partiyası ancaq öz niyyətini açıqladı, ötən həftə?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Kim eşitməyibsə, demək, Parlament sədrinin YAP`dan olan müavini bu 50 min nəfərlik müəllim ixtisarının yaxın illərdə baş verə biləcəyini elan elədi. Səbəb kimi, doğulan uşaqların sayında azalmanı göstərdi.
Bu niyyətdə heç bir ağlabatan əsas yoxdur.
Birincisi, şagird sayı indiki bir milyon yarımdan bir milyona düşəcəksə, bu o demək deyil müəllim sayı da 150 mindən yüz minə düşsün. Xeyr. Əksinə, bu, təhsilin keyfiyyətini artırmaq üçün tarixi bir fürsət açır. Yoxsa ancaq elə hakimiyyətdəkilərin uşaq və nəvələri şagird sayı az olan sinifdə, yəni özəl məktəbdə, müəllimin yaxın diqqətindən faydalanmalıdır? Qoy bütün millət daha keyfiyyətli təhsil ala bilsin də. Müəllim hər uşağa daha çox vaxt ayıranda, kiçik sinifdə, ona daha çox bilik və bacarıq ötürə bilir. Daha təhsilli uşaq gələcəkdə daha məhsuldar iqtisadiyyat deməkdir.
O 50 min müəllimin maaşını verəcək iqtisadiyyatı indiyədək qura bilməmisinizsə, ya da yaxınlarda əmələ gəlməyəcəksə, partiyanızın hakimiyyətdə qalması nə işə yarıyır?
Bundan başqa, indi işləyən 150 min müəllimdən üçdə birinə qədəri niyə pensiyadan əvvəl iş yerini itirsin? Ona görə ki, sizin hökumət əlaqəli və strateji düşünə bilmir? Bir tərəfdən deyirsiz, 50 min müəllimi işdən çıxaracağıq, obiri tərəfdən isə, pedaqoji universitetlərə qəbul ildən ilə artır. Əlaqə hanı? Gəncləri də indidən ali təhsilli işsiz roluna hazırlayırsınız?"









