
Azərbaycanda dövlət satınalmalarında əsas sifarişçilərdən biri də yerli icra hakimiyyətləridir.
Zərdab rayonunda 2025-ci ildə 52, cari ildə isə 6 tenderin qalibi müəyyənləşib.
"DİA-AZ" Zərdab Rayonunda müxtəlif qurumlar tərəfindən keçirilən tenderləri və qalib olan şirkətləri araşdırıb.
Məlum olub ki, 2025-ci ildə rayondakı dövlət qurumları ilə şirkətlər arasında 35 satınalma müqaviləsi bağlanıb və ümumi dəyəri 2 milyon 312 min 38 manat olan müqavilələr bağlanıb.
Cari ildə isə tenderlərlə bağlı rayondakı müxtəlif dövlət qurumları ilə şirkətlər arasında ümumi dəyəri 51 min 439 manat olan 6 satınalma müqaviləsi bağlanıb.
Son iki ildə hələlik ən böyük tenderi Aqroyol-İnşaat MMC şirkəti qazanıb. Şirkət Zərdab Rayon İHB-nın Zərdab şəhəri ərazisində yolların əsaslı təmiri işləri üzrə tenderi və 586 min manatlıq sifarişi qazanıb. Bu Zərdabda keçirilən ümumi tender satınalmalarının təqribən 4-də 1-dir.
Rayonda ikinci böyük tenderi "Hadi İnşaat" MMC qazanıb. Zərdab Rayon İcra hakimiyyətinin elan etdiyi Zərdab şəhərində abadlıq işləri tenderində şirkət qalib gələrək 467,3 min manat sifariş alıb.
Zərdabda dövlət sifarişlərində digər aktiv şirkət "Caspian Expert Group" MMC-dir. Bu şirkət Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin 2 tenderini qazanıb. Bunlardan biri Nasos stansiyalarında hidromexaniki və elektrotexniki avadanlar üçün mal-material və ehtiyyat hissələrinin alışı - "Caspian Expert Group" MMC-yə 259 min manatdıq sifariş qazandırıb.
İkinci tender isə Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Cari təmir ücün maşın mexanizmlərinin ehtiyat hissələrinin və müxtəlif növ sürtün yağlarının satınalınmasına aiddir - 112 min manatlıq satınalma.
Rayonda daha bir iri tenderi isə Zərdab Rayon İcra Hakimiyyəti ötən ilin sonunda Zərdab şəhəri, Zərdabi küçəsində (Xətai küçəsi ilə kəsişməkdən D.Qorqud meydanına qədər) yolun əsaslı təmir işləri üzrə elan edib və onun qalibi «Azyolinşaat» MMC olub – 241 min manat.









