Səhiyyə sistemi istənilən ölkədə sosial sabitliyin əsas sütunlarından biri sayılır. Azərbaycanda isə bu sahədə son illər aparılan islahatların mərkəzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dayanırdı. Lakin sabiq icraçı direktor Vüqar Qurbanovun dövründə qurumun fəaliyyəti ətrafında formalaşan müzakirələr göstərir ki, gözləntilərlə reallıq arasında ciddi fərqlər yaranıb.
Vüqar Qurbanovun rəhbərliyi dövründə aparılan maliyyə yoxlamaları nəticəsində ortaya çıxan mənzərə xüsusilə diqqət çəkir. Audit proseslərinin hələ 2025-ci ilin payızında başlanması və sonradan üzə çıxan faktlar göstərir ki, söhbət tək-tək texniki səhvlərdən yox, sistemli maliyyə pozuntularından gedir.
İddialara görə, milyonlarla manat vəsaitin təyinatı üzrə xərclənməməsi, müxtəlif mexanizmlərlə mənimsənilməsi və ya “itməsi” halları aşkarlanıb. Bu isə artıq idarəetmədə sadə nöqsan deyil, hüquqi qiymət tələb edən ciddi məsələdir. Ən təhlükəlisi isə budur ki, belə proseslərin uzun müddət davam etməsi nəzarət mexanizmlərinin ya zəif, ya da məqsədli şəkildə işləmədiyini göstərir.
Qanunsuzluqlarla bağlı ən çox müzakirə doğuran istiqamətlərdən biri də kadr siyasəti ilə bağlıdır. Vüqar Qurbanovun rəhbərliyi dövründə region xəstəxanalarında aparılan təyinatlarla bağlı səslənən ittihamlar kifayət qədər ağırdır. Məlumatlara görə, bəzi hallarda vəzifələr qeyri-rəsmi ödənişlər müqabilində bölüşdürülüb. Tibb bacısı, sürücü və digər texniki heyət vəzifələrinin belə müəyyən məbləğ qarşılığında “satılması” halları sistemin nə qədər deqradasiyaya uğradığını göstərir. Bu cür yanaşma yalnız korrupsiya faktı deyil, eyni zamanda səhiyyə xidmətinin keyfiyyətinə birbaşa zərbədir. Çünki bu halda peşəkarlıq yox, pul əsas meyara çevrilir.
Xüsusilə bəzi rayon mərkəzi xəstəxanaları ilə bağlı ortaya çıxan məlumatlar vəziyyətin miqyasını daha aydın göstərir. İddialara əsasən, dövlət əmlakının mənimsənilməsi, diplomsuz şəxslərin işə götürülməsi, sertifikasiyadan keçməyən tibb işçilərinin fəaliyyətə buraxılması kimi hallar sistemli xarakter daşıyıb.
Bununla yanaşı, saxta tibbi sənədlərin hazırlanması, mövcud olmayan xəstələrin adına dərman yazılması və həmin dərmanların satışa yönləndirilməsi kimi faktlar da səsləndirilir. Bu isə artıq yalnız maliyyə yox, həm də birbaşa insan sağlamlığı ilə bağlı təhlükə yaradan qanunsuzluqlardır. Ən qalmaqallı iddialardan biri isə tibbi baxımdan mümkün olmayan əməliyyatların sənədləşdirilməsi ilə bağlıdır.
İrəli sürülən digər ittihamlar arasında saxta əlillik təyinatları və şübhəli tibbi arayışların verilməsi də yer alır. Bildirilir ki, onlarla şəxsə əsassız şəkildə əlillik statusu verilməsi dövlət büdcəsinə ciddi zərər vurub.
Eyni zamanda müxtəlif qurumların əməkdaşlarına verilən tibbi arayışların da şübhəli yollarla rəsmiləşdirildiyi iddiaları var. Bu isə səhiyyə sisteminin sosial təminat mexanizmlərinə necə təsir etdiyini açıq şəkildə göstərir.
Qanunsuzluqların kökü haradadır?
Bütün bu iddialar bir sualı ön plana çıxarır: bu qədər genişmiqyaslı qanunsuzluqlar necə baş verə bilərdi? Cavab isə çox güman ki, idarəetmədə formalaşan nəzarətsizlik mühitində gizlənir. Vüqar Qurbanovun rəhbərlik etdiyi dövrdə sistem daxilində şəffaflıq və hesabatlılıq mexanizmlərinin zəif işləməsi, bəzi hallarda isə ümumiyyətlə, işləməməsi bu cür halların yayılmasına şərait yaradıb. Əgər rəhbərlik səviyyəsində ciddi nəzarət olsaydı, bu qədər çoxsaylı və müxtəlif istiqamətli qanun pozuntularının eyni vaxtda baş verməsi çətin olardı.
Ortaya çıxan mənzərə onu göstərir ki, problem yalnız uğursuz idarəetmə deyil. Burada söhbət korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarından gedir.
Vüqar Qurbanovun fəaliyyəti yalnız daxili idarəetmə problemləri ilə məhdudlaşmayıb. Belə ki, onun Səhiyyə Nazirliyinin nüfuzuna xələl gətirmək məqsədilə xaricdə fəaliyyət göstərən media və informasiya şəbəkələrinə yönləndirilmiş materiallardan istifadə etdiyi də bildirilir.
Bu yanaşma, əgər doğrudursa, artıq sıradan idarəetmə mübahisəsi deyil, dövlət qurumları arasında etimadın zədələnməsi anlamına gəlir. Şəxsi ambisiyalar naminə rəqib kimi qəbul edilən bir quruma qarşı xarici informasiya resurslarının alətə çevrilməsi isə həm etik, həm də idarəçilik baxımından ciddi suallar doğurur.
Onun fəaliyyəti dövründə yaranan bu hallar təkcə bir dövrün uğursuzluğu kimi yox, bütövlükdə səhiyyə sisteminə vurulan ağır zərbə kimi qiymətləndirilir.
musavat.com









