Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliyə görə, yanvarın 1-dən əhali öz həyətində tikəcəyi, hündürlüyü 3 metri, sahəsi 100 kv/metri ötən yardımçı binaların tikintisi üçün yerli icra hakmiyyətlərindən icazə almalıdır. Bizdə icazənin necə bir vasitə olduğunu hər kəs yaxşı bilir.
Maraqlı olan başqa məsələdir: Azərbaycan Avropa deyil, hətta Türkiyə deyil ki, belə icazəni yaşadığı ərazini tərk eləmədən özünün səs verdiyi seçkili orqandan və şəxsdən alsın.
Əhalinin səsindən asılı olan, həm də idarə elədiyi ərazidə iqtisadi inkişafda maraqlı olan yerli özünüidarə orqanları bu məsələni kimsəyə problem yaratmadan həll edirlər.
Üstəlik, Azərbaycan məhz bu icazə məsələsində təcrübəsinə istinad edilən Avropdan fərqli olaraq kənd təsərrüfatında sənaye tipli istehsal miqyasına nail ola bilməyib. Bu ölkələrdə məşğul əhainin maksimum 2-3%-i fermerdir, orta torpaq ölçüsü və heyvan sayı bizdən on dəfələrlə çoxdur, fermerçilik gəlir gətirən sahibkarlığın bir formasıdır.
Azərbaycanda elə rayonlar var ki, məşğul əhalinin 60-62%-i aqrar sektorda çalışır. Fermerçilik sahibkarlıq fəaliyyəti yox, öz fizioloji mövcudluğunu qorumaq üçün məşğuliyyətdir.
Torpaq payı olan ailə təsərrüfatlarının ən azı 75-80%-nin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların orta ölçüsü 2 hektardan azdır. Bu torpaqlar ən yaxşı halda ya heyvandar üçün ot-yem istehsalı üçün, ya da texniki və ya tərəvəz bitkilərinin becərilməsi üçün istifadə edilir. Yəni ailə təsərrüfatları istehsal üçün tıkinti və qurğuları bilavasitə özlərinin həyatyanı sahələrində yaradırlar.
İndi də hökumət, məsələn, 101 kv/metr toyuq hininin və ya mal (qoyun) tövləsinin tikintisi üçün gərəksiz bürokratik bir mexanizm yaradır.
Yenə deyirəm, sənaye tipli istehsal üçün bəlkə də bunu anlamaq olardı. Məhz bu cür istehsal üçün obyektiv meyarlar müəyyən edilə bilər. Məsələn, hətəyyanı sahədə 200-250 başdan artıq xırda baş, 20-25 başdan artıq iribuynuzlu, 500-dən artıq quş üçün tələb olunan tikinti sahəsini sənaye istehsalı üçün məqbul hesab etmək olardı. Bu isə ən azı 500 kv/metr tikinti sahəsini tələb edə bilər.
Amma dur 101 kv/metr toyuq hinini tikən ailə təsərrüfatını göndər icazə almağa...
Bilə-bilə ki, bu icazə deyil, vətəndaşa zülm etməkdir...
Rövşən Ağayev - "DİA-AZ"










