Əvvəllər Nəsimi Nəbizadəni bir çoxlarının tanıdığı biri kimi tanımışdım. Kostyum-qalstuku, ütülü və başının sağ tərəfində Aztv-nin məşhur loqosu.
Bir gün qəfil bildiriş gəldi: Nəsimi Nəbizadə sizi izləyir. Açığı, mən bu bildirişlərə çox nadir hallarda baxıram. Amma nədənsə bu bildiriş sanki xüsusilə gözümə dəydi.
Üstündən çox keçmədi. Nəsiminin ad günündə bir mesajla onu təbrik etdim. Təşəkkürünü bildirdi. Üstündən 3 gün keçmişdi. Bu dəfə Nəsimi Nəbizadə mənə yazdı:
"Deyirəm, o səfeh vaxtlarımda hamını aldatdım, bir sən qaldın".
Nəsimi Nəbizadə mənə bax belə, birbaşa, çox qırmızı yazmışdı. İldırım kimi!
Və mən söhbətin hara gedəcəyini artıq əvvəlcədən güman etmişdim. Sonrasını yazmıram. Amma yazmaq istədiyim budur ki, Nəsimi bu mesajındakı kimi birbaşa adamdır. Ütüsüz, səliqəsiz, sərgərdan. Onun reabilitasiya mərkəzinə gətirilməyini, oradakı günləri və son hadisələri diqqətlə izləmişəm.
Amma heç bir videoda Nəsimini səmimi qəbul etməmişəm. Heç onu ora aparanlar da mənə səmimi gəlməyiblər. Bunu bir izləyici kimi yazıram.
Sonuncu dəfə Nəsimini xiyabana aparıb müəllim-şagird misalı ölənlər haqqında danışdırmaq da səmimi görünmürdü. Çünki Nəsimi o deyil. Nəsiminin insan kimi təyinatı, məğzi də o deyil.
Onun insani keyfiyyətlərini dostları daha yaxşı bilər. Bu barədə bircə kəlmə də yazmaram, demərəm. Mənim gördüyüm Nəsimidən reytinq üçün istifadə olunması, Nəsiminin də necəsə, nə cürsə buna icazə verməyi, bu şounun alətinə çevrilməyidir.
Bəlkə də Nəsimi özü-özündən heç bu qədər istifadə etməyib. Bəlkə də Nəsiminin narkomaniyaya qurşandığını o mərkəzə düşməmişdən bir ovuc adam bilirdisə, indi bütün ölkə bilir.
İndi bütün ölkə bilir ki, Nəsimi Nəbizadə problemli adamdır. Və artıq onun qardaşı da həbs edilib. Sırf narkotik maddə satışına görə.
Belə...
Bütün bunlar Nəsiminin imicini düzəltməyə xidmət etmədi, etmir, etməyəcək də. Ümumiyyətlə, narkomaniya ilə mübarizə bu cür olmur. Belə mübarizə olmur.
Eminquey Akif - "DİA-AZ"










