Ötən gün Sumqayıt şəhərinin 14-cü məhəlləsində,Şahmat məktəbinin arxasında ağacların kəsildiyi ilə bağlı sakinlərin müraciətinə əsasən hadisə yerinə yollandıq. Hadisə yerinə çatanda artıq yaşayış binasının qarşısında olan bütün ağaclar kəsilmişdi. Ağac kəsənlərə yaxınlaşıb hansı təşkilatın göstərişi ilə əmri icra etdiklərini öyrənməyə çalışdıq. Amma kamera və fotoaparatı görən kimi tez ərazidən uzaqlaşdılar.Məhəllə sakinləri bildirdilər ki,ağacların kəsildiyini görəndə mane olmağa çalışıblar: "Dedilər ki, ağacları budayırıq."
Sakinlərin tikinti şirkətinin işcisi kimi tanıdığı Arzu adlı şəxs də bizimlə söhbətində ağacların cürüyüb, quruduğuna görə kəsdiklərini söylədi. Sakinlər dedilər ki , iki aydır həyətdə qurumuş bir ağac var hara müraciət edirik gəlib kəsmirlər: "Sağlam ağacları isə budama adı ilə doğrayırlar.Axşam saatlarında isə xəlvət gəlib kökündən çıxaracaqlar.”
Sakinlər ərazidə növbəti yeni hündürmərtəbəli binanın inşa ediləcəyinə görə ağacların kəsildiyini vurğuladılar: "Dəfələrlə Sumqayıt şəhər icra hakimiyyəti və şəhər yaşıllaşdırma idarəsinə müraciət etmişik . Şikayətlərimizə baxan yoxdur.”
Sakinlərlə arasında Arzu adlı şəxs arasında qarşıdurma da baş verdi.
Onu da qeyd edək ki, sözü gedən ərazidə bir dənə də olsun ağac qalmayıb. Təəssüf ki, bu kimi mənfi hallar Sumqayıt şəhərində tez-tez baş verir. Bu ərazi təxminən 16 saylı orta məktəbin stadionuna düşür. Məlumat üçün bildirək ki, 16 nömrəli məktəbin stadionunun zəbt olunması zamanı acınacaqlı hal da baş verib. Deyilənə görə, həmin məktəbin bədən tərbiyəsi müəllimi Fazil Mustafayev bu haqsızlığa dözməyərək dünyasını dəyişdi. Hazırda həmin məktəbin stadionunun yerində hündürmərtəbəli bina inşa olunub./xeberle.com/