
Bu gün Türkiyənin haber7.com portalında İbrahim Ərdoğan adlı müəllifin 25 il əvvəl baş vermiş əhvalatdan bəhs edən “Dəmirəl, Əliyev və bir qəribə hadisə” başlıqlı yazısı yer alıb.
Virtualaz.org saytı xəbər verir ki, müəllif 1990-cı ildə, Ermənistanın Naxçıvana gedən dəmir yolunu bağlamasından sonra Azərbaycanın bu bölgəsində yaranan aclıq təhlükəsini aradan qaldırmağa kömək edən Qars polis rəisi ilə o vaxt Naxçıvana rəhbərliy etməyə başlayan Heydər Əliyev arasında baş verənləri qələmə alıb.
Həmin əhvalatı yazı üslubunu saxlamaqla təqdim edirik:
***
İl 1989. Yer Qars. O vaxtın polis rəisi Osman Gezegen idi. Vəzifəyə başladıqdan qısa müddət sonra bölgədəki bütün şöbə müdirlərini dəyişdirir.
Bir gün təyin etdiyi şöbə müdirlərini tək-tək otağına çağırır və onlardan bir şey tələb edir: sabaha hazır olmaq şərtilə hərə 3 çuval un, 3 çuval şəkər və bir kiloqram çay gətirsin.
Şöbə müdirləri bu istək qarşısında çaşıb qalırlar, ancaq əmr yerinə yetirilir. Tədarük olunan ərzaq məhsulları tapşırılan yerə cəmlənir. Polis rəisinin bu tələbləri hər həftə davam edir.
Nəhayət, şöbə müdirlərindən biri qəzəblənərək rəisin otağına gəlir və ona etiraz edir: “Allaş aşkına, bu tələb etdiyiniz ərzaq məhsulları kimin üçündür? Mən şübhələnirəm. Yoxsa bunları satırsınız? Rüşvətin formasımı dəyişdi?”
Həmin şöbə müdiri ərzaq toplamaq tapşırığından bezərək hətta istefa verməyə hazır olduğunu da deyir. Rəis onu otağından qovur.
Bir az sonra rəis istefa verməyi düşünən həmin şöbə müdirini yanına çağırır. Və ona sabah saat 04:00-da qaldığı binanın önündə hazır vəziyyətdə gözləməyi, birlikdə iş dalınca gedəcəklərini deyir.
Şöbə rəisi daha da təəccüblənir. Və həmin gecə yatmadan saat 4-ün tamam olmasını gözləyir. Həmin saatda polis maşınları gəlir, şöbə rəisini də götürərək yola düşürlər. O zaman Qarsın sərhəd qəsəbəsi olan Tuzlucadan keçərək Naxçıvan sərhədinə gəlirlər. Hava hələ qaranlıqdır.
Rəsmi polis maşınlarının yanında yük maşınlarına doldurulmuş un, şəkər və digər ərzaq malları da sərhədə gətirilib. Yük maşınları polislərin müşayiəti ilə sərhədin o tərəfinə keçirlər və yüklər Naxçıvandan gələn qrup tərəfindən sürətlə boşaldılaraq daşınır.
Sərhəddəki mənzərəni görən şöbə rəisi bu yardımların verildiyi adamların kim olduğunu soruşur. Aldığı cavab çox ilgincdir. Bu toplanan yardımlar o günlərdə Naxçıvan bölgəsində olan önəmli azərbaycanlıya və onunla birlikdə olan adamlara verilməkdədir. Həmin adam Heydər Əliyevdir. Çünki Əliyev SSRİ-nin dağılması ərəfəsində Moskvadan ayrılıb və Naxçıvana gəlib.
Bu yardım aylarla davam edir. İllər keçər, polis rəisi Gezegen Ankaraya təyin edilir, müfəttiş olur. Həmin şöbə rəisi isə İstanbula təyin edilir. Və hekayənin qəhrəmanı Osman Gezegen 1994-cü ildə Çankaya sarayında yenidən gündəm olur...
Qarsdakı bu hadisələrin üzərindən illər keçib. Əliyevin Naxçıvandakı çətin günləri arxada qalıb və Azərbaycanda Heydər Əliyev dönəmi başlayıb. Əliyev iqtidara gələndən sonra ilk səfərini Türkiyəyə edir. Süleyman Dəmirəl prezident kimi köhnə dostunu qarşılayır. Saraydakı görüşdə Dəmirəl Əliyevə açıq qəbz təqdim edir, “biz qardaş ölkəyik, bizdən nə lazımsa istə” deyir. Heydər Əliyevin isə tək istəyi var - Osman Gezegen.
Dəmirəl bundan təəccüblənir, maddi dəstək, başqa şeylər durarkən bu istəyin haradan çıxdığını fikirləşir. Əliyev sözünə davam edir və “Əgər Osman Gezegen olmasaydı, biz Naxçıvanda qaldığımız çətin günlərdə aclıqdan ölərdik” deyir. Və Osman Gezegenin çağırılmasını israrla xahiş edir.
S.Dəmirəlin təlimatı ilə Osman Gezegen tapılır və Çankaya sarayına gətirilir. H.Əliyevlə O.Gezegen qucaqlaşıb görüşürlər. Amma H.Əliyev O.Gezegeni buraxmır, Dəmirəldən onu istəyir və özü ilə Bakıya aparmaq istədiyini deyir. Bir yol tapılaraq onun Bakıya təyin edilməsi istənilir. Ancaq polis mənsubu olduğu üçün xaricdə müvafiq ştat yoxdur və Bakıya təyini mümkün deyil. Nəticədə prezidentin özəl təlimatı ilə müstəsna hal olaraq Bakıdakı Türkiyə səfirliyində polis attaşesi ştatı açılır, O.Gezegen və bir neçə adam ora təyin edilir.
Ancaq özəl təlimatla həyata keçirilən və bir dəfə üçün nəzərdə tutulan bu təyinat 2010-cu ildə keçirilən referendumdan sonra yenidən Türkiyənin gündəminə gəlir. Dövlət strukturlarına sızan fətullahçılar Daxili İşlər Nazirliyi sistemindəki adamlarını xarici ölkələrdə vəzifələrə təyin etmək üçün hərəkətə keçir. Bunun üçün formul axtarılır və Dəmirəlin rəfə qoyulmuş həmin sərəncamı tapılır. Və bu üsuldan istifadə edərək 1 il ərzində tam 21 ölkəyə öz adamlarını əmniyyət attaşesi olaraq təyin edirlər. Həmin adamlar hələ də işləyirlər.
Heydər Əliyev 2003-cü ilin dekabrında vəfat etdi. Yerinə oğlu İlham Əliyev prezident oldu. Hekayənin qəhrəmanı olan Osman Gezegen isə Heydər Əliyevin son günlərinə qədər onunla çalışmaqda davam etdi, sonra İlham Əliyevlə işləməyə başladı. İllər sonra pensiyaya çıxdı, ancaq Türkiyəyə qayıtmadı, Bakıda məskunlaşdı. Hələ də Azərbaycanda yaşamaqdadır...”










