Ali Məhkəmədə quldurluqda və qanunsuz narkotik vasitə saxlamada təqsirləndirilən Nicat Kərimli və Tural Həmidovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
İttihama görə, Nicat Kərimli özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Tural Həmidovla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib.
Belə ki, onlar mobil telefon satışı ilə bağlı elan verən zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən razılaşıblar.
İttihamda göstərilir ki, 24 mart 2023-cü ildə saat 16:00 radələrində paytaxt ərazisində Nicat Kərimli və Tural Həmidov mobil telefon satışı ilə bağlı razılaşdıqları ünvana gediblər. Cinayətkar niyyətlərinin həyata keçirilməsinə mane ola biləcək müdaxilənin qarşısını almaq məqsədilə Nicat Kərimli həmin yaşayış binasının 8-ci girişinin üçüncü mərtəbəsində gözləyib.
Tural Həmidov isə zərərçəkmiş şəxslə görüşərək ondan 300 manat dəyərində “Xiaomi Redmi Note 8, 4RAM, 64GB” markalı mobil telefonu götürüb.
Daha sonra o, telefonu guya ailə üzvlərinə göstərmək bəhanəsi ilə S.S. ilə birlikdə Nicat Kərimlinin gözlədiyi binanın girişinə daxil olub və üçüncü mərtəbəyə qalxıb. Həmin zaman Nicat üzərində olan bıçağı çıxararaq zərərçəkmiş şəxsə nümayiş etdirib. Bununla da onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edib.
Hər iki şəxs S.S.-ə məxsus 300 manat dəyərində mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıblar. Onlar sonradan telefonu telefon mağazasında satıb əldə etdikləri pulu aralarında bölüblər.
Bununla zərərçəkmiş şəxsə 300 manat məbləğində maddi ziyan vurulub.
İttihama görə, Nicat Kərimli bundan bir neçə gün sonra – 27 mart 2023-cü ildə narkotik vasitə ilə bağlı daha bir cinayət törədib.
Belə ki, həmin gün günorta saatlarında Bakı şəhərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib. O, təmiz çəkisi 0,713 qram olan heroini 20 manat müqabilində alaraq üzərində saxlayıb və daşıyıb.
Həmin gün saat 18:45 radələrində Nicat Kərimli quldurluq cinayətini törətməkdə şübhəli şəxs qismində Bakı şəhərinin Xətai rayonu, Marat Əmirxanov küçəsi, 25 nömrəli binanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilib və xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilib. Axtarış zamanı onun əynində olan tünd göy rəngli cins şalvarın sağ kiçik cibindən bir bükümdə təmiz çəkisi 0,713 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edilərək götürülüb. Ekspertiza nəticəsində həmin maddənin kustar üsulla hazırlanmış narkotik vasitə – heroin olduğu müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Kərimli 9 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Həmin hökmlə Tural Həmidov da təqsirli bilinərək məhkum edilib.
Hökmdən narazı qalan Nicat Kərimlinin müdafiəçisi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.









