"Tələbələrin minimum təqaüdü minimum əməkhaqqına uyğunlaşdırılmalıdır."
Bunu təhsil eksperti Məzahir Məmmədli Qaynarinfo-ya açıqlamasında deyib. Ekspert bildirib ki, hazırda Azərbaycanda minimum aylıq əməkhaqqı 450 manatdır və bu göstərici tələbələrin sosial təminatında da nəzərə alınmalıdır:
"Bu halda tələbələr üçün minimum təqaüd heç olmasa 200 manat səviyyəsində müəyyənləşdirilməlidir. Tələbələrin ən böyük problemlərindən biri də yataqxana çatışmazlığıdır. Hazırda Azərbaycanda yalnız iki ali təhsil müəssisəsində tələbələrin müəyyən hissəsini əhatə edən yataqxana təminatı mövcuddur. Bunlar Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Aqrar Universitetidir".
Məzahir Məmmədlinin sözlərinə görə, əksər ali təhsil müəssisələrinin yataqxanaları ya fəaliyyət göstərmir, ya da uzun illər fərqli məqsədlər üçün istifadə olunub:
"1990-cı illərdən etibarən bir çox universitetlərin yataqxanalarında məcburi köçkünlər məskunlaşdırılmışdı. Hazırda həmin yataqxanaların bərpası və tələbələrin istifadəsinə verilməsi ilə bağlı müəyyən qərarlar qəbul olunsa da, proses ləng gedir. Məsələn, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti kimi ali məktəblərin geniş yataqxana kompleksləri var. Lakin onların yenidən tələbələrin istifadəsinə verilməsi üçün genişmiqyaslı bərpa işlərinə ehtiyac var. Bununla yanaşı, son illərdə müsbət nümunələr də mövcuddur. Məsələn, Lənkəran Dövlət Universitetində yeni tələbə yataqxanası istifadəyə verilib".
Ekspert qeyd edib ki, tələbə təqaüdlərinin verilməsi mexanizmi ali məktəblər arasında fərqlənir:
"Bəzi universitetlərdə həvəsləndirici təqaüdlər tətbiq olunur. Məsələn, Azərbaycan Dövlət Aqrar Universitetində belə mexanizm mövcuddur. Bakı Ali Neft Məktəbində isə təqaüd sistemi digər ali məktəblərdən fərqlənir. Burada yüksək akademik nəticə göstərən, o cümlədən ödənişli əsaslarla təhsil alan bəzi tələbələr də təqaüd ala bilirlər. Bu isə bəzi hallarda dövlət sifarişi əsasında təhsil alan, lakin akademik göstəriciləri nisbətən aşağı olan tələbələrin təqaüd almaq imkanlarına təsir göstərə bilir".
Məzahir Məmmədli əlavə edib ki, bəzi ali təhsil müəssisələrində qiymətləndirmə sistemi ilə bağlı narazılıqlar da mövcuddur:
"Müşahidələrimə görə, bəzi hallarda tələbələrin qiymətləndirilməsi ilə bağlı narazılıqlar yaranır və bu, onların təqaüd almaq imkanlarına təsir edir. Bu istiqamətdə daha şəffaf və obyektiv qiymətləndirmə mexanizminin tətbiqinə ehtiyac var".









