“2010-cu ildə Şimali Afrikada başlayan və bölgəmizə yayılan “Ərəb Baharı” kimi tanınan hadisələr sonda Suriyadakı sərhədlərimizə çatdı. Xüsusilə də həmin dövrdə hökumətlərdəki dəyişikliklər, daxili üsyanlar yolu ilə mövcud hökumətlərin devrilməsi və xarici müdaxilələrlə yanaşı, daxili münaqişələr Türkiyə üçün də narahatlıq doğurmuşdu. O dövrdə Türkiyənin effektiv hava hücumundan müdafiə sistemi olmadığı üçün NATO müttəfiqimiz ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri almaq istəyirdik. Lakin Amerika müxtəlif səbəblərdən bu hava hücumundan müdafiə sistemlərini Türkiyəyə satmaqdan imtina etdi”.
Bu fikirləri Globalinfo.az-a danışan ehtiyatda olan polkovnik və strategiya və təhlükəsizlik üzrə türkiyəli ekspert İbrahim Keleş bildirib.
O qeyd edib ki, NATO üzvü olduğu üçün ABŞ, Almaniya, Hollandiya, İtaliya və İspaniyadan olan “Patriot” hava hücumundan müdafiə sistemləri 2011-ci ildə NATO-nun müdafiə proqramının bir hissəsi olaraq Türkiyəyə müvəqqəti olaraq yerləşdirildi:
“Lakin Suriyadakı iğtişaşlar və müxalifətin Bəşər Əsəd rejiminə qarşı atdığı addımlar bir müddət sonra İŞİD-in bölgəyə gəlməsi ilə tamamilə fərqli istiqamət aldı. Xüsusilə Bəşər Əsəd rejiminin əlində olan hava hücumundan müdafiə sistemləri, Rusiyanın bölgədəki dəstəyi və İranın Əsəd rejimi ilə əməkdaşlığı nəticəsində təhlükə sərhədlərimizə çatdı.
Bu vəziyyətdə, Türkiyə hələ öz hava hücumundan müdafiə sistemlərini inkişaf etdirmədiyi üçün onları Çindən istədi. Danışıqlar aparıldı və hətta alınacaq hava hücumundan müdafiə sistemlərinin adları da müəyyən edilmişdi, lakin xarici təzyiq səbəbindən Çindən hava hücumundan müdafiə sistemlərini ala bilmədik. Təəssüf ki, ABŞ və digər ölkələr tərəfindən Türkiyədə yerləşdirilən “Patriot” sistemləri ən çox ehtiyac duyduğumuz vaxtda bir-bir çıxarıldı. Və biz hava hücumundan müdafiə sistemindən məhrum qaldıq. Məhz bu dövrdə Rusiya ilə danışıqlar nəticəsində o dövrün ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən biri olan S-400-ləri aldıq”.
İbrahim Keleş o vaxtdan təxminən səkkiz il keçdiyini və bu müddət ərzində Türkiyənin müdafiə sənayesi daxilində öz hava hücumundan müdafiə sistemlərini inkişaf etdirdiyini deyib:
“Bəlkə də S-400 səviyyəsində olmasa da, artıq onun imkanlarına çata biləcək sistemlərimiz var. “Polad Günbəz” hava hücumundan müdafiə sistemini istifadəyə verdik və onu daim inkişaf etdirməyə davam edirik.
Türkiyənin hazırda təcili ehtiyacları arasında, xüsusən də bölgəmizdə İsrail və Yunanıstanın hava qüvvələrinin inkişafı nəzərə alınmaqla, hava qüvvələrini modernləşdirmək və daha inkişaf etmiş sistemlərlə təchiz etmək lazım idi. Ancaq hazırda inkişaf etdirdiyimiz “KAAN” təyyarələri və digər hava qüvvələri komponentləri tədricən inventara daxil olur. Lakin Türkiyənin tələbləri arasında “KAAN” təyyarələri üçün mühərrik ehtiyacları, mövcud F-16-larımızın modernləşdirilməsi və Türkiyəyə qarşı tətbiq edilən CAATSA sanksiyalarının ləğvi var. Bu məsələ 7-8 iyul tarixlərində Türkiyədə keçirilən NATO zirvə toplantısında ABŞ Prezidenti Donald Trampla da müzakirə edildi və onun bu prosesə müsbət yanaşması ilə S-400-lərlə bağlı CAATSA sanksiyalarının ləğvi üçün şərt qoyuldu: S-400-lərin Türkiyədə aktivləşdirilməməsi və ya mövcud olmaması”.
Ekspert bildirib ki, bu mərhələdə Türkiyə Hərbi Hava Qüvvələrinin təcili ehtiyaclarını ödəmək üçün lazımi addımları atmaq məqsədilə Türkiyə Rusiya ilə iki S-400 hava hücumundan müdafiə sisteminin satışı və ya geri qaytarılması ilə bağlı müzakirələr aparıb:
“Rusiya bu məsələdə müsbət yanaşma nümayiş etdirib və danışıqlar davam edir. Bu sistemlərə hazırda davam edən Rusiya-Ukrayna müharibəsində ehtiyac ola bilər və Rusiya onları ya geri ala bilər, ya da Türkiyənin onları üçüncü bir ölkəyə satmasına icazə verə bilər. Bu cür müzakirələr davam edir. Hazırkı şərtlər daxilində hava hücumundan müdafiə sistemimiz ehtiyaclarımızı əsasən ödəyir. Buna görə də, artıq S-400-lərə bir o qədər ehtiyacımız yoxdur, lakin təcili ehtiyacımız hava qüvvələrimizin inkişafı idi. Buna görə də Türkiyə bu mərhələdə seçim etdi. Rusiya ilə danışıqlar nəticəsində bu sistemlər, ehtimal ki, Rusiyaya qaytarılacaq və ya Rusiyanın razılığı ilə başqa bir ölkəyə satılacaq”.









