Bakıda həbsdə olan Ruben Vardanyanın işi ilə bağlı Avropa Məhkəməsinə şikayət daxil olub. Bu barədə Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin rəhbəri, AİHM-də erməni məhbusların maraqlarının təmsilçisi Siranuş Sahakyan məlumat verib. Yada salaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vardanyana 20 il həbs cəzası verilib.
Bəs Avropa Məhkəməsi Vardanyanla bağlı hansı qərarı qəbul edə bilər?
Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, AİHM milli məhkəmələrin hökmünü ləğv edən instansiya deyil: “Məhkəmə yalnız İnsan Hüquqları üzrə Avropa Konvensiyasının pozulub-pozulmadığını araşdırır. Əgər Avropa İnsan Hüquqları Məhkəməsi şikayəti icraata qəbul etsə, ilk növbədə Azərbaycanın mövqeyi istəniləcək. Ermənistan tərəfinin və Ruben Vardanyanın müdafiəçilərinin məsələni Avropa İnsan Hüquqları Məhkəməsinə daşıması hüquqi məsələdən daha çox siyasi dividend və beynəlxalq təzyiq mexanizmi yaratmaq məqsədi daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsi bir üst cinayət məhkəməsi deyil o, Bakı Hərbi Məhkəməsinin verdiyi 20 illik həbs cəzasını ləğv etmək, hökmü dəyişmək və ya məhbusu azadlığa buraxmaq səlahiyyətinə malik deyil”.
Cavad Cavadov deyib ki, məhkəmə yalnız formal prosessual qaydaların, məsələn, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsi - ədalətli məhkəmə araşdırması hüququnun gözlənilib-gözlənilmədiyini qiymətləndirir. Azərbaycan dövlətinin prosesi tam şəffaf, vəkillərin və tərcüməçilərin iştirakı ilə, milli və beynəlxalq standartlara uyğun keçirməsi isə Avropa İnsan Hüquqları Məhkəməsinin şikayəti hətta icraata götürmədən qəbuledilməz sayması ehtimalını kifayət qədər yüksəldir.
Vəkilə görə, Vardanyanın arvadının guya beynəlxalq qadın humanitar nümayəndə heyəti ilə Bakıya gəlmək istəməsi sırf siyasi motivli şoudur: “Ruben Vardanyan siyasətçi və ya mülki fəal kimi deyil, Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələri maliyyələşdirmək, separatizmi körükləmək və dövlət təhlükəsizliyinə qarşı ağır cinayətlər törətmək ittihamları ilə mühakimə olunub. Zonabendin “nəvələri dünyaya gəlib”, “3 ildir ailəsini görmür” kimi ifadələrlə beynəlxalq ictimaiyyətə müraciət etməsi, Ruben Vardanyanın maliyyələşdirdiyi və dəstəklədiyi separatçı rejim səbəbindən on illərlə öz doğma ocaqlarından didərgin düşən, yaxınlarını itirən minlərlə azərbaycanlı ailənin faciəsi fonunda heç bir hüquqi və ya mənəvi çəkiyə malik deyil. Azərbaycan suveren hüquqlarına dayanaraq öz ərazisində ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs barəsində ədalətli mühakimə aparıb və hökmünü çıxarıb. Beynəlxalq hüquqi müstəvidə atılan istənilən addım Bakının hüquqi suverenliyinə və məhkəmə müstəqilliyinə təsir etmək gücündə deyil”.
Müsahibimiz deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsi şikayəti qəbuledilməz hesab edə bilər. Qeyd edək ki, Ruben Vardanyan 17 fevral 2026-cı ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Onun həyat yoldaşı Veronika Zonabend isə beynəlxalq qadın humanitar nümayəndə heyətinin Bakıya səfərini təşkil etmək və həyat yoldaşı ilə görüşmək istədiyini açıqlayıb. Ermənistan tərəfi bu işi beynəlxalq hüquqi müstəviyə çıxarmağa çalışsa da, yekun qərar AİHM-in şikayəti qəbul edib-etməməsindən və işin mahiyyəti üzrə araşdırmanın nəticələrindən asılı olacaq.









