ABŞ lideri Donald Trampın NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı səsləndirdiyi “Ərdoğanı sevindirəcək bir addım atacam” açıqlaması beynəlxalq siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Bu mesaj Vaşinqton-Ankara münasibətlərində yeni səhifənin açılacağına dair gözləntiləri artırıb. Xüsusilə, müdafiə sənayesi, F-35 proqramı, silah satışına qoyulan məhdudiyyətlər və Suriya siyasəti ilə bağlı mümkün qərarlar diqqət mərkəzindədir.
Bəs Trampın vəd etdiyi “Ərdoğanı sevindirəcək addım” konkret olaraq nə ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Tramp NATO sammitindən əvvəl də bu toplantıya müəyyən mənada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı məmnun etmək niyyəti ilə qatıldığını bəyan etmişdi.
Onun sözlərinə görə, Trampın sammit çərçivəsində Ərdoğanla görüşdə “onu sevindirəcək bir addım atacağını” deməsi ABŞ-Türkiyə münasibətlərində yeni mərhələnin anonsu kimi qiymətləndirilə bilər:
“Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında şəxsi münasibətlər kifayət qədər yüksək səviyyədə və pozitiv xarakter daşıyır. Lakin hələlik Trampın nəzərdə tutduğu addımın nədən ibarət olduğunu dəqiq söyləmək mümkün deyil. Əgər bunu əvvəlcədən açıqlasaydı və ya müəyyən eyham versəydi, konkret nəticələr çıxarmaq olardı. Görünən odur ki, həmin addımın elan edilməsinin zamanı hələ çatmayıb.”
Politoloq qeyd edib ki, hazırda ABŞ-Türkiyə münasibətləri müsbət istiqamətdə inkişaf edir və xüsusilə Suriya məsələsində tərəflərin mövqeləri böyük ölçüdə üst-üstə düşür:
“Donald Tramp Türkiyənin Suriya ilə bağlı maraqlarını qəbul etdiyini gizlətmir. Bu məsələdə Vaşinqton və Ankara arasında ciddi fikir ayrılığı müşahidə olunmur. Ən real ehtimallardan biri Türkiyənin F-35 proqramına yenidən qoşulmasıdır.
F-35 döyüş təyyarələri ilə bağlı aparılan müzakirələrin müsbət məzmun daşıdığı barədə məlumatlar var. Böyük ehtimalla Tramp administrasiyası Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı müsbət qərar qəbul edə bilər.”
Onun sözlərinə görə, Ağ Evin Türkiyəyə tətbiq olunan silah məhdudiyyətlərini aradan qaldırmaq niyyəti də artıq gizli deyil:
“Vaşinqtonun Türkiyəyə qarşı silah embarqosunu aradan qaldırmaq istəyi müşahidə olunur. Bununla bağlı xüsusi qanunvericilik təşəbbüsü də ABŞ Konqresinə təqdim edilib. Böyük ehtimalla Tramp administrasiyası Türkiyəyə silah satışının qarşısındakı maneələri aradan qaldırmağa üstünlük verəcək.”
Politoloq vurğulayıb ki, Bayden administrasiyası dövründə yaranmış gərginlik tədricən aradan qalxır:
“ABŞ ilə Türkiyə arasında əvvəlki administrasiyadan qalan ciddi ziddiyyətlər Donald Trampın hakimiyyəti dövründə aradan qalxmağa başlayıb. Bu isə onu göstərir ki, iki ölkə arasında yaxınlaşmanın hələ son həddi müəyyənləşməyib və münasibətlər daha da inkişaf edə bilər. Trampın NATO sammitində verdiyi mesajlar da Vaşinqton-Ankara münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.”






