“TuranBank”ASC-nin müxtəlif maliyyə qurumlarından cəlb etdiyi borc vəsaitlərinin həcmi son bir ildə əhəmiyyətli dərəcədə artıb.
Yeniavaz.com xəbər verir ki, 31 dekabr 2025-ci il tarixinə “TuranBank”ın digər borc vəsaitləri 284,1 milyon manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonunda 171,8 milyon manat olub və son bir ildə bu borc 112,3 milyon manat və ya 65% artıb.
Bankın ən böyük borcu İpoteka və Kredit Zəmanət Fondu qarşısındadır. Bu borc bir il ərzində 112,3 milyon manatdan 127,2 milyon manata yüksəlib.
“TuranBank” beynəlxalq maliyyə institutlarından da iri həcmdə kreditlər cəlb edib. Bankın “BlueOrchard”ə olan borcu 26,1 milyon manat təşkil edib. “EMF Microfinance Fund AGmvK” qarşısında borc 15,5 milyon manata yüksəlib. Bu göstərici bir il əvvəl 10,2 milyon manat olub.
İslam İnkişaf Korporasiyasından cəlb edilən vəsait 14,8 milyon dollar olub. ECO Ticarət və İnkişaf Bankı qarşısında borc 19,3 milyon avro təşkil edib.
Qara Dəniz Ticarət və İnkişaf Bankından alınan kredit 18,4 milyon dollar olub. INCOFIN CVSO qarşısında borc 25,8 milyon manata çatıb.
Qeyd edək ki, 2024-cü ilin sonunda bankın INCOFIN CVSO qarşısında borcu 4,5 milyon manat olduğu halda, 2025-ci ilin sonunda bu məbləğ 25,8 milyon manata yüksəlib. Beləliklə, bir il ərzində borc təxminən 5,7 dəfə və ya 21,3 milyon manat artıb. Diqqət çəkən digər məqam isə bu kredit üzrə 13,85% illik faiz dərəcəsinin tətbiq edilməsidir. Bu, “TuranBank”ın digər borcları arasında ən yüksək faiz dərəcələrindən biridir.
Bunlardan başqa, 2025-ci ildə ilk dəfə olaraq “Raiffeisen Bank International AG” qarşısında 8,4 milyon manat, “Banque de Commerce et de Placements” qarşısında isə 2,4 milyon manat borc qeydə alınıb.
Bununla yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondu qarşısında öhdəlik 17,7 milyon manatdan 12,1 milyon manata enib.
Hesabatda göstərilir ki, bu borcların son ödəniş tarixləri 2026–2055-ci illər arasında dəyişir. Faiz dərəcələri isə maliyyə mənbəyindən asılı olaraq 1 faizdən 13,85 faizə qədərdir.
Məlumat üçün bildirək ki, “Turan Bank” ASC 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 milyon 6 min 14 manat olan bankın qanuni təmsilçisi (İdarə heyətinin sədri) Qarayev Orxan İslam oğludur.
Onu da qeyd edək ki, Azərbaycanda səhmdarlarının kim olduğunu açıqlmayan yeganə bank “Turan Bank” ASC-dir.
Mətbuatda yer alan məlumatlarda “Turan Bank” ASC-nin Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Konfederasiyasının prezidenti Məmməd Musayevə məxsus olması barədə məlumatlar yayılıb.
Xatırladaq ki, daha əvvəl Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) açıqladığı məlumatda “Turan Bank” ASC-nin bəzi səhmdarlarının adları qeyd olunub. Bankın səhmdarları arasında ən böyük səhmdarların “Turaj AF”, “Fidan Company”, Fizuli Quliyev və Fuad Musayev olduğu bildirilib. Daha əvvəl “Turan Bank” ASC-nin İdarə heyətinin sədri olmuş Fuad Musayev Məmməd Musayevin oğludur. Fuad Musayev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri vəzifəsində işləyir.






