Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şərqi Avropa və Qafqaz regionu üzrə iqtisadi artım proqnozunu bir qədər aşağı salıb.
Yeniavaz.com xəbər verir ki, bankın son qiymətləndirməsinə görə, region iqtisadiyyatı 2026-cı ildə 2,8% artacaq ki, bu da əvvəlki proqnozdan 0,1 faiz bəndi azdır.
Bununla belə, 2027-ci il üçün artım proqnozu dəyişməz saxlanılaraq 3,9% səviyyəsində qiymətləndirilib.
AYİB bildirir ki, regionda iqtisadi aktivliyin zəifləməsinin əsas səbəbləri enerji idxalı qiymətlərinin yüksəlməsi, həmçinin Ermənistan və Gürcüstanda turizm sektorunda müşahidə olunan yavaşlama ilə bağlıdır.
Qurumun hesabatında qeyd olunur ki, Şərqi Avropa və Qafqaz regionunda iqtisadi artım 2025-ci ildə 2,7%-ə qədər zəifləyib və 2026-cı ildə də təxminən 2,8% səviyyəsində qalacağı gözlənilir. Eyni zamanda, 2027-ci ildə region üzrə artım tempinin 3,9%-ə qədər sürətlənəcəyi proqnozlaşdırılır.
Hesabatda xüsusi diqqət Ukraynaya yönəldilib. Belə ki, ölkənin 2026-cı il üzrə iqtisadi artım proqnozu 2,2%-ə endirilib. AYİB bunu Rusiya işğalının yaratdığı istehsal və logistika problemləri, enerji qiymətlərinin bahalaşması və inflyasiya təzyiqləri ilə əlaqələndirir.
Region ölkələri arasında ən yüksək iqtisadi artımın Gürcüstanda, ən zəif iqtisadi artımın isə Azərbaycanda qeydə alınacağı gözlənilir. AYİB Gürcüstan üzrə bu ilki proqnozu 0,5 faiz bəndi artıraraq 6%-ə çatdırıb. Azərbaycan üzrə bu ilki proqnozu isə dəyişməyərək 2% səviyyəsində saxlayıb.
2026-cı ildə ölkələr üzrə iqtisadi artım proqnozları belədir:
Gürcüstan – 6% (+0,5 faiz bəndi);
Ermənistan – 5,5% (dəyişməyib);
Türkiyə – 3,5% (-0,5 faiz bəndi);
Moldova – 2,8% (-0,2 faiz bəndi);
Ukrayna – 2,2% (-0,3 faiz bəndi);
Azərbaycan – 2% (dəyişməyib).








