Hazırda məzuniyyətdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyası zamanı bildirib ki, Gədəbəy ərazisində yerləşən Başkənd anklavı məsələsi torpaq mübadiləsi yolu ilə öz həllini tapa bilər.
Ovqat.com Ermənistanın rəsmi media orqanlarına istinadən xəbər verir ki, Paşinyan Geğarkunik rayon (Göyçə mahalı) əhalisi ilə söhbətində Ermənistan tərəfi üçün bu məsələnin artıq “gərginlik mənbəyi” olmadığını deyib:
"Artsvaşen (ermənilər Başkəndi belə adlandırırlar – Ovqat.com) məsələsinin həlli üçün variantlardan biri mübadilə ola bilər. Prinsip budur: Ermənistan və Azərbaycan delimitasiya prosesi ilə bir-birinə zərər vermək, yoxsa uşaqlarımızın və onların övladlarının artıq bu problemlərlə məşğul olmaması üçün məsələləri həll etmək istəyirlərmi? Bizim vəzifəmiz uşaqlarımıza artıq mövcud kadastr sənədi olan bir ölkə yaratmaqdır.
Yalnız kadastr sənədindəki təsvirləri yekunlaşdırmaq və bu kadastr sənədi ilə təsdiqlənmiş dövləti nəsildən-nəslə ötürmək qalır. Təhlükəsizlik olacaq və Ermənistanın müdafiə qabiliyyəti daim inkişaf edəcək", - baş nazir bildirib.








