Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov və digər vəzifəli şəxslərin cinayət işi üzrə ibtidai araşdırma başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, istintaqın sonunda təqsirləndirilən şəxslərin hamısına verilmiş ağır ittihamlar yüngülləşdirilib.
İcra başçısının müavini Nadir Muradov, İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin icra hakimiyyətində başqa məsul vəzifədə çalışmış Rəşad Nadirli və İsa Şəmsəliyev qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma (311.3.1, 311.3.2 və 311.3.3) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdilər.
Amma ilkin araşdırmanın sonunda bu maddələr ləğv edilib, onların hər birinə Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə yekun ittiham elan edilib. Bu maddənin sanksiyasında 6 mindən 10 min manata kimi cərimə və ya 3 ildən 7 ilə qədər həbs nəzərdə tutulur.
İttiham dəyişdirildiyindən toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
N.Muradov və Q.Abdullayev həbsdə, İ.Şəmsəliyev və R.Nadirli sərbəst mühakimə edilirlər.
Qeyd edək ki, bu cinayət faktları ortaya çıxdıqdan bir müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. N.Muradov 10 ilə yaxın S.Mikayılovun müavini işləyib.








