
Dövlət Neft Şirkətində (SOCAR) aparılan ixtisarların əsas səbəbi bəlli olub.
Şirkətdəki mənbələrdən “Axar.az”a daxil olan məlumata görə, işçilərin sayının azaldılması, eləcə də sosial obyektlərin ləğv olunması beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq həyata keçirilib.
Belə ki, xarici maliyyə qurumları SOCAR-a “Neft sənayesinin maliyyə dayanıqlığının optimallaşdırılması” adı altında bir sıra tövsiyələr verib. Onların qənaətinə görə, şirkətin sosial layihələrinə, əməkdaşlarına xərclədiyi vəsaitlərin bir hissəsi səmərəsiz olduğundan həmin xərcləri azaltmaq lazımdır. Bu isə ciddi sosial problemlər yaratmaqla bərabər şirkətin işinin geriləməsinə səbəb olub.
19 min işçi ixtisar edilib
Qeyd edək ki, son 3 ildə SOCAR-dakı islahatlar nəticəsində 19 min nəfərə yaxın işçi ixtisar edilib. Hazırda ixtisarlar təkcə işçi sayının azaldılması istiqamətində aparılmır.
“İxtisarlar SOCAR-ın işində ciddi problemlər yaradır. Yəni, uzun illər neft hasilatı ilə məşğul olan, bu sahədə xeyli təcrübə qazanmış kadrlar işdən çıxarılır”.
Ekspertlər isə SOCAR-dakı islahatlardan nikbinliklə danışırlar. Onların qənaətinə görə, şirkətin beynəlxalq əlaqələrinin genişlənməsi, rəqabətə davamlı olmasını təmin etmək baxımından belə addımların atılması labüddür.
SOCAR beynəlxalq standartlara keçir
İqtisadçı Azər Mehdiyev ixtisarların qaçılmaz olduğunu deyib:
“Şirkətin həyata keçirdiyi işlər müqabilində işçilərin sayının bu qədər çox olması iqtisadi baxımdan yolverilməzdir. Sadəcə olaraq, əvvəllər sosial nəticələr nəzərə alınırdı və labüd ixtisarlar aparılmırdı. Hətta ümumiyyətlə, işləməyən və ya çox az iş görən bölmələr belə saxlanırdı. İndi isə ARDNŞ beynəlxalq səviyyəli şirkət kimi yenidən formalaşmaq istəyir, beynəlxalq standartlara keçir. Avropanın fond bazarlarında bondlarını satışa çıxarır. Buna görə də ixtisarlar qaçılmazdır”.
Ekspert bütün ixtisarların əmək qanunvericiliyinin tələblərinə uyğun aparılmalı olduğunu vurğulayıb:
“İxtisarlar qanunvericiliyin tələbləri nəzərə alınaraq həyata keçirilməlidir. Qanunvericiliyə görə, ixtisarlar və ya işdən azadetmələr barədə işçilər 3 ay əvvəlcədən xəbərdar edilməli, işdən azad edildikdə onlara 3 aylıq kompensasiya verilməlidir. Şirkətin başqa bölmələrində iş təminatı imkanları varsa, onlar bu barədə məlumatlandırılmalıdır”.
Şirkət “ixtisar”dan qorxur
Neft sektoru üzrə ekspert İlham Şaban da islahatların beynəlxalq qurumların tələblərinə uyğun aparıldığını təsdiqləyib. Onun fikrincə, ixtisarlar normal addımdır:
“Neft şirkəti nədənsə “ixtisar” sözundən bir qədər ehtiyatlanir. Hətta mən onlara irad da tutmuşam ki, nədən çəkinirsiniz - axi bu qədər geniş ştatla hazırkı hasilat və emal potensialınız arasında əməlli-başlı disbalans var. İxtisarların aparılması əslində çox normal bir şeydir. Şirkət isə hər dəfə adındakı “dövlət” sözunə işarə vurur və bildirir ki, bu qurum yavaş-yavaş kommersiya relsi üzərinə keçid etsə də, insanların vəziyyətini, sosial durumunu dövlətin maraqlarından çıxış edərək nəzərə alır və bu səbəbdən də radikal addımlar atmır. Prosesləri nisbətən mülayim çalarlarda başa vurmaqda maraqlıdır”.
Xərclərin optimallaşdırılması zəruridir
Azərbaycan brendi kimi SOCAR-ın artıq sərhədləri aşdığını deyən İ.Şaban şirkətin fəaliyyətini dünya standartlarına uygunlaşdırmalı olduğunu bildirib:
Yeni layihələrin maliyyələşdirilməsi məsələsinden tutmuş kadr siyasətinə və işçilərin sosial təminatına qədər, bütün məsələlər beynəlxalq qaydalara uyğun olmalıdır. Bu isə maliyyə dayanıqlığı baxımından heç də asan məsələ deyil. Ona görə də SOCAR işçilərinin sayını azaltmalıdır. Yəni, xərclərini öz gördüyü işlərin həcminə görə optimallaşdırmalıdır”.
Son 3 ildə SOCAR-da aparılan kadr və struktur islahatları nəticəsində 19 min ştat cədvəlinin azaldıldığını deyən ekspert bunun böyuk bir irəliləyiş olduğunu qeyd edib:
“Əgər əvvəllər bəyan edilsəydi ki, SOCAR-dan 20 min işçi ixtisar olunacaq, o saat hamı qabaqcadan proqnoz verərdi ki, ölkədə siyasi, iqtisadi partlayış olacaq və sair. Ancaq biz bunların heç birini müşahidə etmədik. Çünki iş yerlərini itirənlərin bir qismi təqaüdə çıxanlar oldu, digərləri layihə üzrə iş yerlərini itirdilər və digər layihələrdə iş başlayanda onlar da müvafiq iş tapdılar. Bundan sonra da kadr islahatlari davam edəcək”.









