Yasamal sakinləri rayonun icra başçısı Elşad Həsənovdan və onun keçirdiyi görüşlərdən narazıdır.
Tribuna.az xəbər verir ki, sakinlər bu barədə icra hakimiyyətinin rəsmi sosial şəbəkə səhifəsində yazıblar. Sakinlər bu görüşlərin harada və nə vaxt keçirildiyini bilmirlər. Görüşdə iştirak edib problemini dilə gətirmək istəyən sakinlər qeyd edib ki, belə görüşlər barədə əvvəlcədən heç kəsə məlumat verilmir.
Yasamal sakini Sevinc Ədilovanın sözlərinə görə, bu görüşlərin keçiriləcəyi vaxtı icra hakimiyyəti əvvəlcədən səhifəsində paylaşmalıdır.
Sakin Əsildar Mərdanoğlu isə bildirib ki, o görüşlərə sakinlər buraxılmır:
“Onlar sizi buraxmazlar. Öz adamlarını yığıblar. Bu indi guya görüşdür”.
Digər narazı sakin Ramin Əlizadə isə bildirib ki, İH başçısı Elşad Həsənov heç bir problemi həll etmir:
“Bu icra başçısı ümumiyyətlə problem həll etmir, o vəzifəsini bacarmır, qətiyyən layiqli deyil. Bir dəfə görüşdük, məlum oldu ki, çıxışı da çox bəsit və məntiqsizdir, yalnız manipulyasiya ilə məşğuldur. Ətrafında isə mənim 1600 AZN dəyərində olan xüsusi əmlakımı talan edib satan keçmiş icra başçısı müavini olan Xaliq kimi şəxsləri himayə edir.
Yasamalda hər yeri bazar, dönərxana edib pul qazanmaqla məşğuldur bu cür məmurlar. “Elmlər Akademiyası” metrosunun qarşısı yeni dönərxanalar açılıb, zibilxanaya dönür külək olanda, qanunsuzluqlar baş alıb gedir Yasamalda”.
İcra başçısı ilə keçirilən görüşlərlə bağlı niyə əvvəlcədən məlumat paylaşılmadığını öyrənmək üçün İH-lə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.











