
Paytaxtda kirayə ev bazarında ciddi problemlər var və təcili həllini gözləyir.
Çünki dərslərin başlanmasına 11 gün qalıb və bölgələrdən şəhərə axışan tələbələr ya kirayə ev tapa bilmir, ya da tapdıqları münasib qiymətə deyil.
Məsələn, hazırda Bakıda 550-600 manatdan aşağı kirayə ev tapmaq mümkün deyil.
Bakıətrafı ərazilərdə isə 350-400 manata həyət evləri bəlkə tapmaq olar, o da tələbələrin təhsil aldığı ərazidən uzaqdır.
Bu da əlavə nəqliyyat xərcləri, vaxt itkisi deməkdir. Yəni bu məsələdə sui-istifadə edən vətəndaşlarımız var. Üstəlik, xüsusən də oğlan tələbələrə evini kirayə verənlərin sayı azdır.
Son bir ayda isə kirayə ev bazarında vəziyyət çətinləşib: qiymətlər süni şəkildə qaldırılır, valideynlərinin gəlirləri nəzərə alınmır.
Məsələn, 500 manatlıq evi 650 manata, 600 manatlıq evi 750-800 manata təklif edirlər.
Bu məsələdə ən ciddi problem isə tələbə yataqxanalarıdır. Universitetlərin yataqxana bazaları artırılmalıdır.
Ümumiyyətlə, həm tələbə yataqxanaları, həm kirayə mənzil bazarı ilə bağlı kompleks işlər görülməli, nəzarət mexanizmi yaradılmalıdır.
Razıyam ki, başqa dövlətlərdə də tələbələr üçün kirayə evlər bahadır, amma söhbət xaricdə oxumağa gedənlər üçün çətinlik yaradır.
Bunun üçün nə etmək olar:
?1 Dövlət kirayə ev bazarına nəzarəti gücləndirməli və qiymətləri tənzimləmək üçün mexanizm tapmalı;
?2 Keçmiş məcburi köçkünlər üçün tikilmiş binalarda boş qalan xeyli sayda mənzilləri tələbələrə münasib qiymətə təklif etməli;
?3 Universitetlər qarşısında yeni yataqxanalar tikmək, korpusları artırmaq, beynəlxalq təcrübəyə əsaslanıb kampuslar yaratmaq öhdəliyi qoyulmalı;
?4 Hətta yataqxana tikintisi üçün dövlət büdcəsindən ali təhsil ocaqlarına maliyyə dəstəyi verilməli;
?5 Ən əsası isə universitetlərin bir çoxu Bakıdan köçürülməli, “heç də hamı rayonlardan gəlib burada oxumalı deyil” prinsipini üstün tutub bölgələri inkişaf etdirməli, bununla axının qarşısı alınmalı;
Əks halda, hər il regionlardan axın güclənəcək, kirayə ev bazarında qiymətlər yenə artacaq...
Arifə Əliyeva - "DİA-AZ"










